Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnformasiya əldə etmək hüququnun təmin edilməsi

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Eyni zamanda, Müvəkkilin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri ilə bağlı 13-1 maddəsində göstərilən səlahiyyətləri var.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığının təmin edilməsi üçün çoxsaylı tədbirlər görülür.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsi, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə Müvəkkilin təşəbbüsü ilə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmışdır. Şöbənin tərkibində İnformasiya əldə etmək hüququnun təmini sektoru və Təhlil və monitorinqlər sektoru fəaliyyət göstərir.

Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı istiqamətlərdə fəaliyyət göstərir.

Müvəkkil informasiya sahibi olan dövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər, onların vəzifəli şəxsləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərir, müraciətlər üzrə təhlillər aparır və informasiya sahibi olaraq, informasiya sorğularını cavablandırır.

Eyni zamanda, informasiya sahibləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulduğu aşkar edildiyi hallarda “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından – İnsan Hüquqları üzrə Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən İnzibati Xətalar Məcəlləsinin 371 – 374, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokollar tərtib olunur.

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini davamlı olaraq aidiyyəti qurumlara təqdim edir. Bu sahədə dövlət qurumları, qeyri-hökumət təşkilatları, müvafiq beynəlxalq təşkilatlar, xarici ölkələrin milli insan hüquqları institutları ilə səmərəli əməkdaşlıq olunur.

Haqqı ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını, informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını, informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarının, ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini və müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtləri və qaydalarını müəyyən edən Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarının qəbul edilməsi zamanı Müvəkkilin təqdim etdiyi təkliflər paketi də nəzərə alınmışdır.

Qeyd olunanlarla yanaşı, informasiya əldə etmək hüququnun təşviqinin əhəmiyyətini nəzərə alınaraq, ölkənin paytaxt və regionlarında çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilir, sosial çarx və maarifləndirici nəşrlər hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2023-cü ildə informasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, dünyanın bir çox ölkələrinin informasiya ombudsmanlarını, habelə bu sahədə fəaliyyət göstərən digər qurumları özündə birləşdirən Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının (International Conference of Information Commissioners) tam hüquqlu üzvü seçilib.

İnformasiya azadlığı insan hüquq və azadlıqlarının əsas elementlərindən biridir, cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq isə vətəndaşların əsas ehtiyaclarındandır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir. İnformasiya əldə etmək hüququnun müdafiəsi daim Müvəkkilin diqqət mərkəzində olmaqla inkişaf etdirilir.

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa dair yaddaş kitabçası

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ" adlı buklet (İngilis dilində)

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ" adlı buklet (Rus dilində)

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ" adlı buklet (Ukrayna dilində)

"Right of access to information!" adlı broşür

"Implementation of the Law on Access to Information in Azerbaijan: The activities of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan" adlı buklet