Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Tərtər şəhər qəbiristanlığının Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması ilə bağlı MÜRACİƏTİ

2020.10.17

Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələri 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri, tarixi, mədəni, dini abidələri, hətta insanların mənəvi dəyərlərinə toxunmaqla qəbiristanlıqları belə ağır artilleriya qurğularından və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.

Ermənistan tərəfi 2020-ci il 10 oktyabr tarixindən etibarən elan olunmuş humanitar atəşkəsə əməl etməyərək Azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış yerlərini məqsədyönlü şəkildə atəşə tutmaqdadır. Belə ki, Ermənistan silahlı qüvvələrinin 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla 15 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Tərtər rayonunda dəfn mərasimi zamanı şəhər qəbiristanlığını qəsdən atəşə tutması 4 mülki şəxsin həyatını itirməsi, 4 nəfərin isə ciddi xəsarət alması ilə nəticələnmişdir ki, bu da barbarlıq və insanlıq əleyhinə cinayətdir.

Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mənəvi və dini inanc baxımından müqəddəs hesab olunan yerləri mütəmadi olaraq atəşə tutması monoetnik dövlət olan Ermənistanın faşist ideologiyasına xidmət etdiyini, digər millətlərə və dinlərə mənsub insanlara qarşı  dözümsüz münasibətini bir daha sübut edir.

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası çoxmillətli, tolerant, multikultural bir dövlətdir və burada müxtəlif dinlərə mənsub olan insanlar da dostluq və qardaşlıq şəraitində birgə yaşayır. Azərbaycan müstəqil və demokratik prinsiplərə sadiq olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq bərabər imkanlar yaradır.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Təkcə Bakı şəhərində rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, almanların iyirmidən çox cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ölkənin paytaxtında inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı katolik və pravoslav kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Bu gün dünyanın bir sıra ali məktəblərində “Azərbaycan multikulturalizmi modeli” tədris edilir.

Ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri də dünya ictimaiyyətinə və dini liderlərə ünvanladıqları müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış yerlərini davamlı olaraq atəşə tutmasını, o cümlədən Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı mülki şəxslərin qətlə yetirilməsindən hiddətlənərək bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmişlər.

Xüsusilə vurğulamaq istərdik ki, Ermənistan dövləti və diaspora nümayəndələri qərəzli olaraq sistematik şəkildə Qarabağ münaqişəsini və Ermənistanın Azərbaycana hərbi təcavüzünü dini qarşıdurma kontekstində təqdim etməyə çalışaraq, bununla məqsədli şəkildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə təsdiq olunmuş işğal faktını pərdələməyə və məlumatsız şəxslərdə dini qarşıdurma təsəvvürü yaratmağa çalışır. Bütün müvafiq reytinqlərdə dünya ölkələri arasında dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı təsdiq edilən ölkəmiz barədə bu cür təbliğat təbii ki, ancaq təəssüf və təəccüb doğurmaqdadır. Bu baxımdan yalnız onu xatırlatmaq yerinə düşər ki, Roma Papası Fransisk ölkəmizdə multikulturalizm ili kimi elan edilən 2016-cı ildə paytaxtımızda olmuş, ölkədə dini azadlıqların təmin edildiyini rəsmi şəkildə ölkə prezidenti ilə görüşündə bildirmişdir. Azərbaycan, həmçinin Vatikanın Müqəddəs Marçelinio və Pietro katakombalarının bərpasını həyata keçirmişdir. Ümumi qəbul edilmiş fikrə görə, Azərbaycan tolerant və vicdan azadlığının təmin edildiyi, müsəlman şərqində ilk sekulyar demokratik respublikanın yarandığı nümunəvi, dünyəvi ölkədir. Bu baxımdan Ermənistan tərəfinin dini amili qabardaraq qurmağa çalışdığı təbliğat əsassızdır və birmənalı olaraq indidən məhvə məhkumdur.

Bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycan Respublikasının mülki əhalisi arasında tələfatlara, eyni zamanda maddi-mənəvi, dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla insan hüquq və azadlıqlarını kobud şəkildə pozan cinayətkar əməllərindən qeyd-şərtsiz çəkinməsini, Azərbaycanın tarixi və beynəlxalq hüquqla qəbul edilmiş əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsini işğalçı Ermənistan dövlətindən tələb etməyə və bu ölkəyə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili addımların atılmasına nail olmaq üçün səy göstərməyə çağırırıq.

 

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının 

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

17 oktyabr 2020-ci il

 

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilmişdir.