Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları Şurası ilə əməkdaşlıq


Milli İnsan Hüquqları İnstitutları (MİHİ) ilə BMT arasında əlaqələrin yaradılması və onlar arasında əlaqələndirmə işinin aparılması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən həyata keçirilir. Milli İnsan Hüquqları təsisatlarının bu beynəlxalq proseslərdə iştirakı da öz növbəsində həm onların güclənməsinə həm də insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsinə xidmət edir. Bu baxımdan da Azərbaycan Ombudsman İnstitutu sözügedən proseslərdə aktiv iştirak edərək insan hüquqlarının qorunması və təbliği sahəsində bilik və təcrübə mübadiləsi apararaq imkanlarını genişlətmiş və beynəlxalq arenada öz sözünü deyə bilmişdir.

Azərbaycan Ombudsman Təsisatının BMT sistemi içərisində MİHİ kimi tanınması təsisata BMT-nin Saziş qurumlarına, eləcə də İnsan Hüquqları Şurasına hökümət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, əlavə hesabatlar hazırlamaq və dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri vermiş oldu. Təsisatın A statusuna malik olması onu təsdiq edirdi ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanunu uzun illərin təcrübələrinə əsaslanaraq yaradılmış beynəlxalq standartlara uyğundur, bu qanun əsasında Ombudsmana müstəqillik verilmiş və O, insan hüquqları ilə bağlı tam, şəffav və müstəqil şəkildə araşdırma aparmaq səlahiyyətinə malikdir. 

Müvəkkil Azərbaycan Milli İnsan Hüquqları İnstitutuna verilən A statusunun verdiyi imtiyazlardan səmərəli şəkildə istifadə edərək insan hüquqlarının qorunması və təbliği sahəsində həm beynəlxalq təcrübəni mənimsəmiş həm də Azərbaycan Ombudsman təsisatının fəaliyyətindəki uğurlu nəticələr barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Eyni zamanda Müvəkkil, Azərbaycan gerçəklərini də beynəlxalq toplantılarda dilə gətirərək beynəlxalq ictimaiyyətin diqqətini bu problemlərə çevirə bilmişdir. Belə ki, həm BMT-nin nizamnamə qurumu olan İnsan Hüquqları Şurasında (İHŞ) həm də BƏK-in müxtəlif sessiyalarında iştirakı zamanı Müvəkkil insan hüquqlarının müxtəlif sahələrini əhatə edən Bəyanatlar vermişdir. Yeri gəlmişkən onu da qeyd etmək laızmdır ki, fəaliyyət dövrü ərzində Müvəkkil beynəlxalq qurumlara Xocalı soyqırımına, 31 mart Azərbaycanlıların soqırımı gününə, 20 yanvar hadisəsinə həsr olunmuş və insan hüquqlarının müxtəlif sahələri ilə bağlı 100-dən çox bəyanat ünvanlamışdır. Bunlardan bir qismi BMT-nin İnsan Hüquqları Şurasının müvafiq tematik sessialarına ünvanlanaraq qurumun rəsmi sənədlər sistemində qeydiyyatdan keçirilmiş və internet səhifəsində yerləşdirilmişdir.

Müvəkkilin İHŞ-yə təqdim etdiyi bəyanatlarda Azərbaycanın torpaqlarının iğal olunması, qaçqın və məcburi köçkünlərin vəziyyəti, cəbhə xəttində Ermənistan tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulması və bunun nəticəsində məsum insanların, hətda az yaşlı uşaqların həyatını itirmələri məsələlərini xüsusilə vurğulamışdır. Müvəkkil Ermənistan tərəfindən icra edilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə xüsusi vurğu edərək beynəlxalq ictimaiyyətin diqqətini mütəmadi şəkildə bu problemə yönəltməyə çalışmışdır.