Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri ATƏT-in İnsan Ölçüsü Konfransının 10-cu plenar sessiyasında çıxış edib

11-10-2024 341 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri ATƏT-in İnsan Ölçüsü Konfransının 10-cu plenar sessiyasında çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı ATƏT-in İnsan Ölçüsü Konfransının “Tolerantlıq və ayrı-seçkilik” mövzusunda keçirilmiş, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması və gender bərabərliyi mövzularına həsr olunmuş 10-cu plenar sessiyada çıxış edib.

Çıxışı zamanı Aparat rəhbəri Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, institusional mexanizmlərin yaradıldığını, yeni milli fəaliyyət planlarının qəbul olunduğunu bildirib.

Ölkə Ombudsmanının qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini sahələrində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verən Aydın Səfixanlı Ombudsman təsisatı tərəfindən dövlət orqanları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə müvafiq sahədə sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. Eyni zamanda, təsisat tərəfindən gender əsaslı təlim mühitinin yaradılması istiqamətində ölkə üzrə maarifləndirmə tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirən Aparat rəhbəri Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində qadın hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib.

Birinci Qarabağ müharibəsində 267-si qadın olmaqla 4 minə yaxın şəxsin itkin düşdüyü bildirilib, habelə İkinci Qarabağ müharibəsi zamanı əhalinin sıx məskunlaşdığı şəhərlərə və digər yaşayış məntəqələrinə edilmiş hücumlar nəticəsində dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar arasında ciddi itkilərin olduğu diqqətə çatdırılıb.

Aparat rəhbəri, həmçinin işğal dövründə Azərbaycan torpaqlarında minaların basdırıldığını, həmin minaların mülki şəxslərin, o cümlədən qadınların həyat və sağlamlığına təhlükə yaratdığını, eləcə də keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını qeyd edib.