2024-cü ilin 2-8 oktyabr tarixlərində keçirilmiş X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Azərbaycan, rus, ingilis və Ukrayna dillərində kitab, buklet, liflet, plakat, disklərdən ibarət 258 adda nəşri sərgilənib.
Sərgidə uşaqların, əlilliyi olan şəxslərin, məhkumların, miqrantların hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması, informasiya əldə etmək hüququ və digər mövzularda təsisat tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər sərgilənib.
Eyni zamanda, Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan, eləcə də Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatlar da sərgidə nümayiş olunub.
Sərgi zamanı, həmçinin Ombudsman təsisatının informasiya əldə etmək hüququnun təmini mövzusunda nəşr etdiyi səkkiz maarifləndirici vəsait “QR” kodlar vasitəsilə nümayiş etdirilib.