
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada araşdırma aparılıb və maarifləndirici görüş keçirilib.
Ombudsmana ünvanlanmış müraciət əsasında Monitorinq Qrupu gimnaziyada araşdırma aparıb, müəssisə rəhbərliyi, psixoloq və pedaqoji heyətlə görüş keçirib, eləcə də şagirdlərlə fərdi qaydada söhbətlər aparıb.
Monitorinq Qrupu tərəfindən araşdırma çərçivəsində “Uşaqların hüquq və vəzifələri” mövzusunda şagirdlərin və pedaqoji heyətin iştirakı ilə maarifləndirici görüş keçirilib. Tədbirdə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, bullinqlə mübarizə, həmçinin Ombudsmana müraciət formaları, təsisatda 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, iştirakçılara maarifləndirici nəşrlər paylanılıb və bu cür görüşlərin gələcəkdə davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.
Yekunda araşdırmanın nəticəsinə dair və ümumilikdə müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin daha da gücləndirilməsi, o cümlədən şagirdlərlə davranış qaydaları və psixoloji xidmətin təşkili istiqamətində müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericiliyin tələbləri izah edilib.
Tövsiyələrin icrası təsisat tərəfindən nəzarətdə saxlanılacaq.