"İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda araşdırma-yazı müsabiqəsi
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi nəzərə alınmaqla Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə əməkdaşlıq çərçivəsində tələbələr üçün “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma yazıları müsabiqəsi elan olunmuşdur.
Müsabiqənin əsas şüarı “İqlim dəyişikliyi və insan hüquqlarına gənclərin baxışı” (Youth Vision for Climate Change and Human Rights) olmuşdur.
Hakaton formatında keçirilmiş müsabiqənin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil edilmişdir.
Müsabiqədə iştirak üçün ümumilikdə 45 nəfər (9 komanda) qeydiyyatdan keçmiş, yekunda 6 komanda tərəfindən araşdırma-yazılar və qısa videoçarxlar təqdim olunmuşdur.
Araşdırmalarda əsas başlıqlar kimi iqlim dəyişikliyi səbəbindən məcburi yerdəyişmə, iqlim dəyişikliyinin sağlamlığa təsirləri, iqlim dəyişikliyinin həssas əhali qruplarına və gender bərabərliyinə təsiri, korporativ məsuliyyət, siyasət və idarəetmə mövzularına toxunulmuşdur.
Münsiflər heyətinin yekun qərarına əsasən, müsabiqənin nəticələri aşağıdakı kimi olmuşdur:
I yer - "Climate Defenders" komandası
II yer - "YaşılADA" komandası
III yer - "EnviroJuris" komandası
Müsabiqə şərtlərində elan olunduğu kimi, I yerin qalibi olan komanda (Climate Defenders) 2 oktyabr 2024-cü il tarixində müxtəlif ölkələrin ombudsman və milli insan hüquqları təsisatları, həmçinin beynəlxalq təşkilatlardan 60-a yaxın nümayəndənin iştirakı ilə keçirilən “İqlim dəyişikliyi və insan hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunda təltif olunmuş və komandanın məruzəçisi araşdırmanın yekunları ilə bağlı çıxış etmişdir. Komandaların hazırladığı videolar Forumda nümayiş etdirilmişdir.
Müsabiqənin yekunlarının elan olunması, iştirakçılara sertifikatların təqdim olunması və iqlim dəyişikliyinin insan hüquqlarına təsiri mövzuda gənclərin bilik və bacarıqlarının daha da dərinləşdirilməsi üçün 18-20 oktyabr 2024-cü il tarixində Qəbələ şəhərində “İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda seminar təşkil olunmuşdur. Seminara həmçinin Ombudsman Aparatında könüllü fəaliyyəti göstərmiş gənclər də qatılmışdır.
Yekun olaraq, I yerin qaliblərinə mükafat və sertifikatlar, digər bütün komandaların üzvlərinə sertifikatlar təqdim edilmişdir.