Asia Ombudsman Assosiasiyası ilə əməkdaşlıq
Asiya Ombudsman Assosiasiyası (AOA) Asiya regionundakı ombudsman institutlarını birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiya 1996-cı ildə təsis edilib və əsas məqsədi üzv qurumlar arasında əməkdaşlığı gücləndirmək, insan hüquqlarının qorunması və təbliğini təşviq etməkdir.
Assosiasiyanın əsas fəaliyyətləri arasında konfranslar, seminarlar, tədqiqat layihələri və insan hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbirlərin təşkili yer alır. AOA həmçinin Beynəlxalq Ombudsmanlar İnstitutu (IOI) və digər regional ombudsman şəbəkələri ilə əməkdaşlıq edir.
AOA-nın üzvləri arasında müxtəlif Asiya ölkələrinin ombudsman qurumları yer alır və təşkilatın baş katibliyi Pakistanın Federal Ombudsman İnstitutunun nəzdində fəaliyyət göstərir.
Azərbaycan Ombudsman təsisatı yarandığı ilk günlərdən AOA ilə əməkdaşlıq edir. Ombudsman ilk dəfə 2003-cü ildə Assosiasiyaya assosiativ üzv olaraq qəbul edilmişdir.
Ombudsman 2010-cu il 25 avqust tarixində Assosiasiyaya institusional üzvlük üçün müraciət etmişdir. 2-8 dekabr 2011-ci il tarixlərdə Yaponiyanın Tokio və Numazu şəhərlərində keçirilmiş Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) 12-ci konfransı zamanı Ombudsmanının gələcək əməkdaşlıqla bağlı təklifləri dinlənilmiş və müzakirə olunmuşdur. Assosiasiyasının Baş Assambleyasının qərarı ilə Azərbaycan Ombudsman təsisatı təşkilata institusional (tam hüquqlu) üzv olaraq qəbul edilmişdir.
Ombudsman təsisatı Asiya İnkişaf Bankının dəstəyi ilə AOA-nın 2010-cu ildən həyata keçirdiyi Regional Texniki Yardım (RETA) layihəsində də fəal iştirak etmişdir. Həmin layihəyə əsasən, AOA-ya üzv qurumların əməkdaşları peşəkar səviyyədə yeni bilik və təcrübəyə yiyələnmək məqsədilə digər qurumların işi ilə yaxından tanış olublar. Həmin layihə çərçivəsində 22-26 avqust 2010-cu il tarixlərində Filippinin paytaxtı Manila şəhərində AOA və Filippin Ombudsmanının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Ombudsman təsisatı təmsil olunmuşdur. 6-13 fevral 2010-cu il tarixlərində adıçəkilən layihə çərçivəsində təsisatın iki əməkdaşı Tailand Ombudsman təsisatı tərəfindən təşkil edilmiş treninq-seminarda iştirak etmişlər. 2010-cu il 12-17 iyul tarixlərində RETA layihəsi çərçivəsində Aparatın əməkdaşı Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən seminara qatılmışdır. 2010-cu ilin 6-14 mart tarixlərində həmin layihə çərçivəsində növbəti tədbir Filippin Respublikasının paytaxtı Manila şəhərində keçirilmişdir. Filippin Ombudsman təsisatında təcrübə mübadiləsi formatında keçirilən tədbirdə Azərbaycan Ombudsman Aparatının əməkdaşları iştirak etmişlər. Həmin ilin 2-14 mart tarixlərində adıçəkilən layihə çərçivəsində Aparatın bir digər əməkdaşı Pakistan Federal Ombudsman təsisatında növbəti təcrübə mübadiləsində iştirak etmişdir. Ümumilikdə isə 2010-cu ildə təsisatın 5 əməkdaşı AOA tərəfindən həyata keçirilən layihə çərçivəsində müxtəlif ölkələrin ombudsman təsisatlarında insan hüquqları sahəsində təcrübə təcrübə mübadiləsi aparmış, öz bilik və təcrübələrini artırmışlar.
24 noyabr 2015-ci il tarixdə Pakistanın İslamabad şəhərində keçirilən AOA-nun Baş Assambleyasının 14-cü iclasında Azərbaycan Ombudsmanı ilk dəfə olaraq Assosiasiyanın Vitse-Prezidenti seçilib. 11 sentyabr 2023-ci il tarixdə AOA-nun Direktorlar Şurasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən 24-cü illik iclasında Azərbaycan Ombudsmanı növbəti dəfə təşkilatın vitse-Prezidenti seçilmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Ombudsman Aparatının təşkilatçılığı ilə AOA -nın Direktorlar Şurasının 14-cü iclası 19 iyun 2012-ci il, 21-ci iclası 2 oktyabr 2018-ci il və 23-cü iclası 18 oktyabr 2022-ci il tarixdə Ombudsman Aparatının təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
Assosiasiyanın Direktorlar Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 25-ci iclasının gündəliyinə Ombudsmanın təklifi ilə biznes və insan hüquqları mövzusuna həsr olunmuş sessiya daxil edilmişdir. Pakistan, Türkiyə, İran, Yaponiya, Çin, Honq Konq və Tatarıstan ombudsmanlarının iştirak etdiyi sessiyada Ombudsman ölkəmizdə biznes və insan hüquqları sahəsində həyata keçirilən işlər barədə məlumat vermişdir. Assosiasiya çərçivəsində bu istiqamətdə müsbət təcrübələrin öyrənilməsi və həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi məqsədilə regional əməkdaşlıq şəbəkəsinin yaradılması və hər bir üzv qurumdan əlaqələndirici şəxslərin təyin edilməsinə dair Ombudsmanın irəli sürdüyü təklif iştirakçılar tərəfindən müsbət qiymətləndirilmişdir.
Həmin təklif nəzərə alınaraq, biznes və insan hüquqları sahəsində milli insan hüquqları mexanizmlərinin fəaliyyətinin gücləndirilməsinə dair maarifləndirici tədbirin keçirilməsi 2024-cü il üzrə assosiasiyanın tədbirlər planına daxil edilmiş və dekabr ayında Ombudsman Aparatı ilə birgə üzv qurumlar üçün biznes və insan hüquqları mövzusunda onlayn tədbir təşkil olunmuşdur. Malayziya, İndoneziya, Pakistan, Türkiyə, Tatarıstan və Çin, habelə Asiya regionunun digər ölkələrinin ombudsman və milli insan hüquqları institutlarının iştirak etdiyi tədbirdə Ombudsman iştirakçılara biznes və insan hüquqları sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış milli qiymətləndirmə sənədi barədə məlumat vermişdir.