Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Türk dövlətləri ombudsman və milli insan hüquqları institutlarının assosiasiyası (TURKOMB)

Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əlaqələr son illərdə daha da güclənərək genişlənməkdədir. Bu ölkələrdə fəaliyyət göstərən aidiyyəti qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə yanaşı, regional birliklərin yaradılması da gündəmin əsas mövzularından biri olmuşdur.

Azərbaycan və Türkiyə Ombudsman İnstitutları tərəfindən uzun müddət Türk dilli dövlətlərin ombudsman və milli insan hüquqları institutlarının birliyinin yaradılması ilə bağlı müzakirələr aparılmışdır. Bu müzakirələrə zaman-zaman digər Türk dövlətlərinin ombudsman qurumları da qoşulmuşdur.

Nəticədə, bu səylər nəticəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradılması barədə razılığa gəlmişlər.

2022-ci ilin 12-13 may tarixlərində Türkiyənin Bursa şəhərində bu qurumların rəhbərləri tərəfindən Assosiasiyanın yaradılması ilə bağlı memorandum imzalanmışdır. Memorandumun əsas məqsədləri üzv qurumlar arasında insan hüquqlarının müxtəlif sahələri üzrə təcrübə mübadiləsini təmin etmək və birgə maarifləndirmə tədbirlərini həyata keçirməkdir.

Assosiasiya çərçivəsində təcrübə mübadiləsinin səmərəli təşkili məqsədilə Azərbaycan Ombudsman Aparatı tərəfindən üzv qurumlar arasında koordinasiya işləri həyata keçirilmiş və maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

2022-ci ilin 24-25 may tarixlərində Azərbaycan Ombudsmanının dəvəti ilə TÜRKOMB-a üzv qurumların rəhbər və nümayəndələri Bakıya dəvət olunaraq TÜRKPA ilə birgə keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfransın yekununda Ombudsmanların Bakı Bəyannaməsi qəbul edilmişdir.

15 sentyabr 2022-ci il tarixində Azərbaycan Ombudsman Aparatı tərəfindən TÜRKOMB-a üzv qurumların əməkdaşları üçün "İnformasiya əldə etmək hüququnun müdafiəsi" mövzusunda onlayn təlim keçirilmişdir. Təlim zamanı Azərbaycan Ombudsmanının bu sahədəki mandatı və təcrübəsi barədə ətraflı məlumat verilmişdir.

16-17 oktyabr 2022-ci il tarixində Azərbaycan Ombudsman Aparatının təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə TÜRKOMB-a üzv qurumların əməkdaşları üçün "Biznes və İnsan Hüquqları" mövzusunda hibrid formatda təlim keçirilmişdir.

20 oktyabr 2022-ci il tarixində TÜRKOMB-un növbəti iclası Azərbaycan Ombudsmanının təşəbbüsü ilə Bakıda canlı formatda baş tutmuşdur.

Hazırda Azərbaycan Ombudsman təsisatı TÜRKOMB-un fəaliyyəti ilə bağlı təşkilati məsələləri həll etməkdədir.

TÜRKOMB-a üzv olan qurumlar:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı

Türkiyə Respublikası Ombudsman Təsisatı

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu

Qazaxıstan Ombudsman Təsisatı

Qırğızıstan Ombudsman Təsisatı

Özbəkistan Ombudsman Təsisatı

Özbəkistan Milli İnsan Hüquqları Mərkəzi

Şimali Kipr Ombudsman Təsisatı