Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların V Bakı Beynəlxalq konfransı

18-19 iyun 2007-ci il tarixdə Müvəkkilin təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakı şəhərində “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi” mövzusunda Ombudsmanların V Bakı Beynəlxalq konfransı keçirilmişdir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixdə təsdiq edilmiş ilk «İnsan hüquqlarının təmin edilməsinə dair Dövlət Proqramı”nın ildönümü günü  keçirilmiş konfrans ölkəmizin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasının, habelə Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 5-ci ildönümünə həsr olunmuşdu. Konfransda YUNESKO-nun Moskva Bürosunun direktoru Dendev Bodarç, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun direktor müavini Mark Qatri, Beynəlxalq Ombudsmanlar İnstitutunun vitse-prezidenti, Avstriyanın Federal Ombudsmanı Peter Kostelka, Avropa Şurası baş katibinin Azərbaycan Respublikasındakı xüsusi nümayəndəsi Denis Bribosiya, Gürcüstan Respublikasının, Moldovanın Ombudsmanları, Rusiya Federasiyasının Saratov, Sverdlovsk, Kemerovo vilayətlərinin, Dağıstan Respublikasının insan hüquqları üzrə müvəkkilləri,  Federasiyanın Moskva vilayətinin, habelə Ukrayna, Özbəkistan və Qırğızıstan Ombudsmanlarının səlahiyyətli nümayəndələri, Belarus parlamentinin insan hüquqları üzrə daimi komissiyasının sədri iştirak etmişlər.

Beynəlxalq konfrans öz işini iki sessiya üzrə davam etdirmişdir. Müvəkkil “Azərbaycan Respublikasında Ombudsman təsisatının yaradılması və inkişafı” mövzusunda məruzə etmişdir. O, ölkəmizdə insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində aparılan islahatlar, respublikamızın 200-dən artıq beynəlxalq konvensiyaya qoşulması, insan hüquqlarının dəstəklənməsinin Azərbaycanın demokratik inkişafının mühüm istiqamətlərindən olması barədə danışmışdır.

Tədbir iştirakçıları ayrı-ayrı sessiyalarda həmkarları ilə təcrübə və fikir mübadiləsi aparmış, qarşılıqlı surətdə faydalanmışlar.

Toplantının yekununda Ombudsmanların V Bakı Beynəlxalq konfransı iştirakçılarının birgə Memorandumu qəbul edilmişdir.

Ombudsmanların V Bakı Beynəlxalq Konfransının Memorandumu