BMT ilə əməkdaşlıq
Azərbaycan Ombudsman təsisatı yarandığı gündən BMT ilə səmərəli əməkdaşlıq edir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı milli insan hüquqlari təsisatlarının yaradılması və Paris Prinsiplərinə uyğun fəaliyyətini təşviq edir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Milli İnsan Hüquqları Təsisatlarının fəaliyyətini Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRI) və Regional Mexanizmlər Bölməsi vasitəsilə dəstəkləyir.
Milli İnsan Hüquqları Təsisatları BMT-nin saziş qurumları və İnsan Hüquqları Şurası ilə əməkdaşlıq edərək, insan hüquqlarına dair sazişlərin ratifikasiyasını təşviq edir, hesabatlar təqdim edir və rəy bildirir. Paris Prinsiplərinə uyğun “A” statusuna malik təsisatlar BMT İnsan Hüquqları Şurasına yazılı və şifahi bəyanat təqdim etmək hüququna malikdir.
Bu zamana qədər Ombudsman təsisatı milli insan hüquqları institutu qismində 47 dövlətin təmsil olunduğu İnsan Hüquqları Şurasının müvafiq sessiyalarında mütəmadi olaraq təmsil olunmuş və Ombudsman tərəfindən tematik mövzular üzrə 20-yə yaxın yazılı və şifahi bəyanat təqdim edilmişdir. Həmin bəyanatlar Şuranın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Azərbaycan Ombudsman təsisatı milli insan hüquqları institutu qismində insan hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin müqavilə qurumlarına aidiyyəti sahələr üzrə paralel hesabatlar təqdim edir.