Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Özbəkistanda təşkil olunmuş beynəlxalq tədbirdə iştirak etmişdir

23-11-2017 8305 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Özbəkistanda təşkil olunmuş beynəlxalq tədbirdə iştirak etmişdir

21-22 noyabr 2017-ci il tarixlərdə Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində BMT-nin, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), “Friedrich Ebert Stiftung” Fondunun və Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin təşkilatçılığı ilə “İnsan hüquqları sahəsində tərəqqinin ölçülməsi üzrə müqayisəli göstəricilər: Özbəkistan təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

Konfransda UNİCEF-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri Saşa Qrauman, ATƏT-in bu ölkə üzrə layihə koordinatoru vəzifələrini icra edən Yurqen Beker, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Mərkəzi Asiya üzrə Regional Şöbəsinin rəhbəri Riçard Komenda, F.Ebert adına Fondun Qazaxıstan və Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri xanım Henrietta Kifer və digər beynəlxalq təşkilatların təmsilçiləri, habelə Rusiya Federasiyası, Polşa, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistanın İnsan hüquqları üzrə müvəkkilləri, Özbəkistan Respublikası Prezidenti yanında Sahibkarların hüquqlarının və qanuni maraqlarının qorunması üzrə Müvəkkili, Slovakiya İnsan hüquqları üzrə Milli Mərkəzinin nümayəndəsi, həmçinin Özbəkistan Respublikasının Ali Məclisinin sədr müavini, Ədliyyə, Daxili İşlər nazirlərinin, Baş Prokurorun müavinləri və digər aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri, QHT nümayəndələri olmaqla ümumilikdə yüzdən çox nümayəndə iştirak etmişdir. 

Tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov qatılmışdır.

Konfransı giriş sözü ilə açan Özbəkistanın Milli İnsan Hüquqları Mərkəzinin direktoru Akmal Saidov iştirakçıları salamlayaraq tədbirin insan hüquqları üzrə tərəqqinin ölçülməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, milli göstəricilərin təyin edilməsi, müxtəlif kateqoriya insan hüquqlarının təşviqi və qorunmasının təmini üçün indikatorların hazırlanması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, Milli insan hüquqları təsisatlarının bu məqsədlərin həyata keçirilməsində rolu, eləcə də bu məqsədlərin ayrı-ayrı elementləri, o cümlədən səmərəli dövlət idarəçiliyinin təmini, hüquqların məhkəmə təminatı, gender bərabərliyi, informasiyaya çatım və digər bu kimi mühüm məsələlərə həsr olunduğunu vurğulamışdır.

Tədbirin birinci günü bir plenar və altı paralel sessiyada təşkil olunmuşdur. Konfransda iştirak edən Azərbaycan Ombudsman Aparatının sektor müdiri R.Novruzov “Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyasında milli insan hüquqları təsisatlarının rolu: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) implementasiyası istiqamətində görülmüş işlər, bu sahədə ölkə Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və konsepsiyalar, onların icra vəziyyəti və Müvəkkil Elmira Süleymanovanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, beynəlxalq təşkilatlar, dövlət qurumları və QHT-lərlə əməkdaşlığı barədə geniş məlumat vermişdir.

Azərbaycan Ombudsmanının xüsusi ilə Biznes və İnsan Hüquqları, maarifləndirmə sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, o cümlədən uşaq hüquqları üzrə pilləli tədris proqramı, Müvəkkilin təşəbbüsü ilə ali tədris müəssisəsində “İnsan hüquqları” və “Genderə giriş” fənlərinin müstəqil fənn kimi tədrisi, Ombudsmanın ümumi redaktəsi ilə “İnsan hüquqları üzrə mühazirələr toplusu” adlı dərsliyin hazırlanması, Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının yaradılması və bununla da bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılması xüsusi maraqla qarşılamış, bu təcrübənin digər ölkələrdə tətbiqinin zəruriliyi vurğulanmışdır. 

R.Novruzov həmçinin bu sahədə Azərbaycan Ombudsmanının təkliflərini səsləndirmiş, DİM barədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, beynəlxalq təşkilatları cəlb etməklə DİM-lə bağlı bütün ölkə ərazisi üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bütün insan potensialının həmin məqsədlərin təmin edilməsinə səfərbər olunması, DİM-lər üzrə vahid məlumatlandırma bazasının yaradılması və nəşrlərin hazırlanması, DİM-lərin və onlara dair göstəricilərin müəyyən edilməsi məqsədilə müvafiq sahələr üzrə dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupların tərkibinə ixtisaslaşmış, yerli QHT-lərin cəlb olunması və mütəmadi olaraq birgə fikir və təcrübə mübadiləsinin keçirilməsi, habelə gənclərin iştirakçılığa cəlb olunması üzrə fəaliyyətin gücləndirilməsi, qadın siyasətçilər, sahibkarlar və müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması, müntəzəm olaraq sorğular, ictimai rəyin toplanması, birgə monitorinqlərin keçirilməsi, hər il DİM-lər üzrə görülən işlərin dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə birgə təhlil edilməsi və müsbət nəticələrlə yanaşı çatışmazlıqların da aşkar olunması, buna yönəlik fəaliyyətin qurulmasının vacibliyini qeyd etmişdir.

Səmərqənd şəhərində təşkil olunmuş beynəlxalq tədbirin ikinci günü “Dayanıqlı İnkişaf Məqsədlərinin, indikatorların və mexanizmlərin milliləşdirilməsi: beynəlxalq təcrübə və Özbəkistan praktikası” mövzusuna həsr olunmuşdur. Tədbirdə gender bərabərliyi, məişət zorakılığı, hüquqların məhkəmə müdafiəsi ilə bağlı indikatorlar üzrə müzakirələr aparılmışdır.