Beynəlxalq Ombudsmanlar İnstitutu (İOİ) haqqında məlumat
Beynəlxalq Ombudsmanlar İnstitutu (İOİ) 1978-ci ildə yaradılmış və hazırda 100-dən çox ölkədən 200-dən artıq ombudsman təsisatını birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. İOİ-nin ombudsman institutlarını dəstəkləmək, onların müstəqilliyini möhkəmləndirmək, insan hüquqları və ədalətli idarəçilik prinsiplərinin təşviqinə töhfə vermək istiqamətində fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədləri:
• Ombudsman təsisatlarının institusional inkişafını dəstəkləmək
• Ədalətli idarəçiliyin və insan hüquqlarının təşviqi
• Təcrübə və məlumat mübadiləsi üçün platforma yaratmaq
• Tədqiqat, təlim və tədris fəaliyyətlərini dəstəkləmək
• Ombudsmanların qlobal əməkdaşlığını gücləndirmək
İOİ regional bölmələr vasitəsilə üzv təsisatlarla sıx əməkdaşlıq edir və onların institusional dayanıqlılığını gücləndirməyə çalışır.
Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıq:
Azərbaycan Ombudsman təsisatı 2003-cü ildən etibarən Beynəlxalq Ombudsmanlar İnstitutu ilə əməkdaşlıq edir və 2010-cu ilin dekabr ayından etibarən bu təşkilatın institusional üzvüdür.
Bu illər ərzində Müvəkkil İOİ-nin təşkil etdiyi beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edərək, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları və müsbət təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etmişdir. Müxtəlif mötəbər beynəlxalq konfranslarda çıxışlar edən Müvəkkil həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş verən insan hüquqları pozuntuları barədə məlumatları da diqqətə çatdırmışdır.
Azərbaycan Ombudsman təsisatının təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə İOİ-nin nümayəndələri də iştirak etmiş, qarşılıqlı təcrübə və bilik mübadiləsi həyata keçirilmişdir. Eyni zamanda, İOİ çərçivəsində insan hüquqlarının müdafiəsi, miqrantların hüquqları, işgəncələrin qarşısının alınması kimi mövzularda aparılan müzakirələrdə Azərbaycanın təcrübəsi bölüşülmüşdür.