Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş növbəti tədbirdə iştirak edib

05-12-2018 10073 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı əlilliyi olan şəxslərin  hüquqlarına həsr olunmuş növbəti tədbirdə iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki Nümayəndəliyinin təşkilatçılığı ilə “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının uşaqların kontekstində Azərbaycanda icrası” mövzusunda seminar keçirilib. 

Tədbirdə məqsəd BMT-nin adıçəkilən Konvensiyası üzrə məlumatlandırma, hüquqlara əsaslanan sosial model üzrə işin aparılmasından, uşaqlara aid sosial siyasət tədbirləri çərçivəsində həmin beynəlxalq sənədin tam icrası üçün Azərbaycanın öhdəlikləri ilə bağlı müzakirələrin keçirilməsindən, əlilliyi olan uşaqlara dair proqramlarda sosial modelin tətbiqi üçün bəzi praktik addımlar üzrə tövsiyələrin verilməsindən ibarət olub.

YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Min Yuanın, Uşaq müdafiəsi üzrə mütəxəssis Vüqar Salmanovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsini icra edən Sabir Qocayevin, Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri, Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının sədri Anar Xələfovun və digər dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin qatıldığı həmin seminarda Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov da iştirak edib.   

Tədbirdə ekspertlər tərəfindən “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası: əlilliyə yeni yanaşma”, “Əlilliyi olan uşaqlara dair biliklər, münasibətlər və təcrübə” mövzusunda tədqiqatın nəticələrinin xülasəsi”, “Uşaqlarda əlilliyin qiymətləndirilməsi: beynəlxalq və milli təcrübə”, “Erkən aşkarlama və erkən müdaxilə: beynəlxalq və milli təcrübə”, “Əlilliyi olan uşaqlar: abilitasiya yoxsa reabilitasiya, icma əsaslı xidmətlərə qarşı müəssisə əsaslı xidmətlər, beynəlxalq qabaqcıl təcrübə və ölkə təcrübəsi”, “İnklüziv təhsil konsepsiyasının Azərbaycanda inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzularında maraqlı təqdimatlar nümayiş etdirilib.

M.Mahmudov müzakirələr zamanı çıxış edərək, Ombudsman Elmira Süleymanovanın əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi sahəsindəki genişmiqyaslı fəaliyyəti, o cümlədən milli qanunvericiliyin təkmilləşdirilməsi, əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, bu qəbildən olan insanların cəmiyyət həyatında iştirakını məhdudlaşdıran fiziki və psixoloji maneələrin aradan qaldırılması sahəsində gördüyü işlər və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib. O, əlilliyin anlayışı, əlillik terminologiyası, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, Azərbaycanda tibbi modeldən sosial modelə keçid sahəsində görülən işlər, əlilliyi olan şəxslərin cəmiyyətin  tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər bu kimi məsələlərə toxunub.

Müvəkkil tərəfindən ötən dövr ərzində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş müxtəlif tədbirlərin həyata keçirildiyi, aidiyyəti dövlət qurumları qarşısında bir sıra əhəmiyyətli təkliflər irəli sürülərək nəticəsinin nəzarətdə saxlanıldığı və bir çox hallarda həmin təkliflərdə əks olunmuş məsələlərin müsbət həll olunduğu bildirilib. 

Ombudsmanın təqdim etdiyi təkliflər də nəzərə alınmaqla BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ölkəmiz tərəfindən hələ 2008-ci ildə ratifikasiya edildiyi, bu Konvensiyanın 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil mexanizmin funksiyalarının da həyata keçirilməsinin Müvəkkilə həvalə olunduğu və həmin istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi, bu ilin may ayında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni bir Qanunun qəbul olunduğu, əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyi, habelə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyi və digər bu kimi tədbirlərin icrası istiqamətində səmərəli iş aparıldığı diqqətə çatdırılıb.

Müvəkkil tərəfindən ölkəmizdə əlilliyə yanaşmada tibbi modeldən sosial modelə keçidin təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması, kütləvi informasiya vasitələrində əlilliyi olan şəxslər barədə Konvensiyanın məqsədlərinə uyğun olan müsbət təsəvvürlərinin yaradılması, onlara münasibətdə münasib terminlərdən istifadə olunması, bu sahədə ictimai maarifləndirmə kompansiyalarının aparılması ilə bağlı təkliflərin irəli sürüldüyü vurğulanıb. 

Seminar interaktiv müzakirələr şəraitində başa çatıb.