Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videokonfranslar keçirilib

29-12-2020 263 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videokonfranslar keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki, Gəncə, Quba regional mərkəzləri əhatə etdikləri rayonların müxtəlif qurumlarının iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə videokonfranslar təşkil ediblər.

Ombudsmanın Şəki Regional Mərkəzi  bu münasibətlə Şəki rayon Heydər Əliyev Mərkəzi ilə birgə Qax, Zaqatala və Şəki rayonlarının müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, ASAN könüllülərinin iştirakı ilə “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, həmrəylik və qələbəyə aparan yol” mövzusunda videokonfrans keçirib. 

Ombudsmanın Quba Regional Mərkəzi də Xaçmaz Regional Mədəniyyət Şöbəsinin Quba Tarix-Diyarşünaslıq muzeyi ilə birgə videokonfrans formatında Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil edib.

Ombudsmanın Gəncə Regional Mərkəzi, Yevlax rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman idarəsi ilə birgə təşkil edilən, Vətən Müharibəsində əldə olunmuş zəfər və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən videokonfrans isə “Həmrəylikdən zəfərlərə doğru!” mövzusunda olub.

Sözügedən tədbirlərdə Ombudsmanın regional mərkəzlərinin rəhbərləri iştirakçılara Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə məlumat veriblər. Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində məhz həmrəylik nəticəsində zəfər qazanıldığı vurğulanıb. 

Videokonfrans iştirakçılarına, həmçinin Ombudsmanın COVID-19 pandemiyası və hərbi vəziyyət dövründə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, cari ildə Ombudsman insan hüquqlarının müdafiəsinin təmin edilməsi sahəsində çoxşaxəli fəaliyyət həyata keçirməklə müvafiq qurumlar qarşısında müxtəlif istiqamətlər üzrə təkliflər qaldırıb, əhalinin bütün kateqoriyalarının hüquq və azadlıqlarının qorunması diqqətdə saxlanılıb. 

Azərbaycan Ombudsmanının müharibə dövründə həyata keçirilən geniş fəaliyyəti də iştirakçıların diqqətinə çatdırılıb. Ombudsmanın dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə verdiyi bəyanatlar və beynəlxalq təşkilatlara edilmiş müraciətlərdən danışılıb. Ermənistan tərəfindən mülki yaşayış məntəqələrinin hədəfə alınması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı Ombudsmanın Naftalan, Tərtər, Gəncə və Bərdədə faktaraşdırıcı missiya fəaliyyəti həyata keçirdiyi, nəticələrlə bağlı beynəlxalq təşkilatlara müxtəlif hesabatlar ünvanladığı bildirilib. Qeyd olunub ki, Ermənistanın mülki əhalini hədəf seçməklə  çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirməsi, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları qadağan olunmuş silahlarla atəşə tutması nəticəsində törətdiyi cinayətlər həmin hesabatlarda obyektiv və real faktlarla təqdim edilib. 

Bununla yanaşı, Ombudsmanın Vətən müharibəsi iştirakçısı olmuş qazi və şəhid ailələri ilə müntəzəm olaraq görüşlər keçirərək onların qayğıları ilə maraqlandığı, müharibə nəticəsində zərərçəkmiş şəxslərə ünvanlanan psixoloji yardım layihəsinin uğurla icra olunduğu da diqqətə çatdırılıb.