Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Qətərdə “Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış” mövzusunda konfransda iştirak edib

29-05-2025 109 dəfə oxunub
Ombudsman Qətərdə “Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış” mövzusunda konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qətər Dövlətində keçirilmiş “Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış” mövzusunda konfransda iştirak edib.

Müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, süni intellekt üzrə ekspertlərin və dünyanın aparıcı universitetlərinin hüquqşünas alimlərinin də iştirak etdiyi tədbirdə Ombudsman rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, cari ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Ombudsman fəaliyyətində süni intellekt konsepsiyasının tətbiqi imkanlarının nəzərdən keçirildiyini vurğulayıb, bu konsepsiyanın şikayətlərin ilkin emalında, sadə qərarların qəbulu prosesində, şikayətlər üzrə sistemli problemlərin müəyyən olunması məqsədilə təhlillərin aparılmasında və Çağrı Mərkəzinin fəaliyyətində effektivliyin artırılmasında əhəmiyyətli dərəcədə faydalı ola biləcəyini qeyd edib.

Müvəkkil süni intellektin insan hüquqlarına təsirini nəzərə alaraq beynəlxalq səviyyədə tənzimləmə metodlarının işlənib hazırlanmasının, həmin sənəddə milli insan hüquqları təsisatlarının rolunun, xüsusən də monitorinq, maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi sahələrində funksiyalarının müəyyən edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, süni intellekt konsepsiyasına keçid insan hüquq və azadlıqlarının təmini və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi ilə şərtlənməli, bu sahədə normativ baza və texnoloji imkanlar bir-birini tamamlamalıdır.

Ombudsman Səbinə Əliyeva, həmçinin konfrans çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah əl Attiyah, Avropa Ombudsman İnstitutunun prezidenti Draqan Milkov, Misir Ərəb Respublikasının Milli İnsan Hüquqları Şurasının prezidenti Muşira Xəttab, Bolqarıstanın milli insan hüquqları institutlarının nümayəndələri və Qətərin bəzi dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib, konfransın mövzusu üzrə, eləcə də ümumilikdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan çağırışlar və gələcək əməkdaşlığın perspektivləri istiqamətində qarşılıqlı fikir mübadilələri aparıb.