Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının üzvlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri haqqında geniş məlumat verib

14-10-2020 337 dəfə oxunub
Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının üzvlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri haqqında geniş məlumat verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Səbinə Əliyeva idarə heyətində təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının toplantısında iştirak edib.

Ölkəmizlə yanaşı Türkiyə, İran, Mərakeş, Sudan və Cibuti Ombusdman institutlarının iştirakı ilə keçirilən iclasın məqsədi insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının pozulmasına qarşı səmərəli mübarizə, COVID-19 pandemiyası dövründə ombudsman institutlarının faəliyyəti, təhsil, mediasiya və digər məsələlərin müzakirəsi olub.

 Tədbiri giriş sözü ilə açan Assosiasiyanın prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç gələcək əməkdaşlıq strategiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və təcavüzünü qınayaraq işğal olunmuş ərazilərimizin dərhal azad olunmasının vacibliyini qeyd edib. 

Ombudsman Səbinə Əliyeva çıxışında dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir zamanda Ermənistanın mövcud vəziyyəti fürsət bilərək Azərbaycana qarşı yeni işğalçılıq iddiaları ilə hərbi təcavüzünü davam etdirdiyini bildirib. 

Ombudsman 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Cəbrayıl, Xızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması barədə iştirakçıları məlumatlandırıb. O, hücumlar nəticəsində dinc əhali arasında qadınlar və uşaqlar da olmaqla çoxsaylı həlak olan və yaralananlar olduğunu, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, təhsil müəssisələrinə və sosial obyektlərə ciddi ziyan dəydiyini qeyd edib.

Səbinə Əliyeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirib. O, beynəlxalq təşkilatlara faktaraşdıcı missiyanın nəticələrinə əsaslanan hesabatlarını ünvanladığını və hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi məqsədilə çağırış etdiyini qeyd edib. 

  Ombudsman əlavə edib ki, faktaraşdırıcı missiyalar zamanı əldə etdiyi dəlillər bir daha göstərir ki, qəsdən müki əhalini və strateji əhəmiyyətə malik olan infrastruktur obyektləri hədəf alan hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayətidir, buna görə Ermənistan məsuliyyət daşıyır.

Səbinə Əliyeva  tədbirdə iştirak edən ombudsmanları mülki şəxslərə qarşı Ermənistanın hərbi hücumlarını pisləməyə və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd müvafiq qətnaməsinin icra edilməsi yolu ilə münaqişənin həllini dəstəkləməyə çağırıb. 

Ombudsman əlavə edib ki, hazırda Azərbaycan dövləti bu hücumlardan əziyyət çəkən insanların ehtiyaclarını təmin etmək üçün bütün lazımi tədbirləri görür, lakin bu mərhələdə beynəlxalq ictimaiyyətin, insan hüquqları təsisatlarının diqqət və dəstəyi də xüsusi əhəmiyyətə malikdir.

Yekunda Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri ilə yerində tanış olmaq üçün həmkarlarını Azərbaycana dəvət edib. Assosiasiyanın Prezidenti Müvəkkilin bu təklifini dəstəkləyib. İdarə heyətinin digər üzvləri də Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.