Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Naxçıvanda “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı I beynəlxalq festival-konqresin açılış mərasimində iştirak edib

23-11-2023 254 dəfə oxunub
Ombudsman Naxçıvanda “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı I beynəlxalq festival-konqresin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” adlı festivalın və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı I beynəlxalq konqresin açılış mərasimində iştirak edib.

Dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti barədə danışıb, bu siyasətin zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər yolu ilə həyata keçirilməsinin vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların bütün fundamental hüquqlarının kobud şəkildə pozulması ilə nəticələndiyini qeyd edib.

Səbinə Əliyeva çoxsaylı soydaşlarımızın Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirildiyini, müxtəlif ağır xəsarətlər aldığını, həmçinin əsir və itkin düşdüyünü, girov götürüldüyünü bildirib.

Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə hələ də məlumat olmadığını qeyd edib. Həmçinin otuz ilə yaxın işğal dövründə torpaqlarımızın minalandığını, mina probleminin işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinə maneə yaratdığını, bu torpaqlara təhlükəsiz qayıdışı ləngitdiyini söyləyib. Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Ermənistanın beynəlxalq hüquq pozuntuları barədə müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyi, bu istiqamətdə fəaliyyətin davam etdirildiyi diqqətə çatdırılıb.

Ombudsman bu cinayətlərin törədilməsində təqsirli olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının, soydaşlarımıza dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsinin, onların indiki Ermənistan ərazilərinə, öz tarixi torpaqlarına təhlükəsiz qayıdışına şərait yaradılmasının vacibliyini vurğulayıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində Naxçıvan Muxtar Respublikasının 30 ildən çox müddətdə blokada şəraitində olduğunu bildirən S.Əliyeva bu ölkənin 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatla Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirmədiyini, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinin mümkün olmadığını, blokada vəziyyətində qalmış əhalinin bir sıra çətinliklərdən əziyyət çəkdiyini qeyd edib.

Ombudsman beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə münasibətdə beynəlxalq hüquq normaları əsasında qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz tarixi torpaqlarına təhlükəsiz qayıdışının təmin olunmasına, eyni zamanda Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətindən çıxarılmasına dəstək göstərməyə çağırıb.