Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və təşviqinə dair onlayn görüş keçirilib

16-06-2020 10623 dəfə oxunub
Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və  təşviqinə dair onlayn görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı ilə əlaqədar Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada keçirilən “Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri çərçivəsində Ombudsman Aparatı, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib. Onlayn tədbirdə, həmçinin Binəqədi, Xətai, Nizami rayon Gənclər və İdman İdarələrinin nümayəndələri təmsil olunublar. 

“Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və təşviqində Ombudsmanın rolu” mövzusunda keçirilən görüşdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova və Aydan Talıbova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və bir sıra ictimai fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Tarverdiyev iştirakçıları salamlayıb, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması, onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi sahəsində görülən işlərin aktual bir məsələ kimi daim diqqətdə saxlanıldığını bildirib. 

Ombudsman Aparatının sektor müdiri M.Mahmudov tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təbriklərini, xoş arzularını çatdırıb. O, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında insan hüquqları baxımından aktuallıq kəsb edən mövzularda hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, lakin cari ildə yeni növ koronavirus (COVID -19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq, həmin tədbirlərin heç bir canlı təmas olmadan onlayn formada keçirildiyini bildirib.

M.Mahmudov Ombudsman təsisatı tərəfindən əlilliyi olan şəxslərin, eləcə də uşaq və gənclərin Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sında, habelə digər  qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirlən genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verib. 

Milli qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi sahəsində irəli sürülən təkliflər, əhali arasında əlilliyin düzgün dərk olunması, bu qəbildən olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması məqsədilə keçirilən hüquqi maarifləndirmə tədbirləri, onların cəmiyyət həyatında iştirakını məhdudlaşdıran fiziki və psixoloji maneələrin aradan qaldırılması üzrə görülən işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Çıxışda, həmçinin Ombudsman tərəfindən dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə ünvanlanmış müraciətdə mövcud pandemiya şəraitində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onlar barəsində sosial müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi zamanı proporsionallıq, zərurilik və ayrı-seçkiliyə yol verməmə prinsiplərinə əməl edilməsi ilə bağlı müvafiq təkliflərin irəli sürüldüyü vurğulanıb.

Tədbirdə çıxış edən Ombudsman Aparatının baş məsləhətçisi L.Zeynalova isə bildirib ki, Müvəkkil və onun tapşırığı ilə Aparatın məsul əməkdaşları tərəfindən əlilliyi olan uşaq və gənclərin hüquqlarının təmin olunması, saxlanma şəraiti, müyəssərlik, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, daxil olmuş müraciətlərinin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi məqsədilə  sosial xidmət, psixiatriya müəssisələrində, habelə onların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə əvvəlcədən xəbərdarlıq etmədən monitorinqlər keçirilir. Müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparıldığı, rast gəlinən çatışmazlıqlarla, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verildiyi qeyd olunub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ş. Gülverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A. Yusifov, Azərbaycan Uşaq Fondunun Binəqədi rayon şöbəsinin sədri E.Rəhimova çıxış edərək rayon ərazisində əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və təşviqi sahəsində dövlət orqanları, habelə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) tərəfindən görülən işlər, eyni zamanda qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Daha sonra mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.