Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı inklüziv ali təhsil məsələlərinə dair beynəlxalq vebinarda iştirak edib

21-05-2020 189 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı inklüziv ali təhsil məsələlərinə dair beynəlxalq vebinarda iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi və UNEC İnklüziv Təhsil Mərkəzinin 5 illiyi münasibətilə “İnklüziv ali təhsildə 3N: nəyi bilməliyik, nə etməliyik və nə edə bilərik?” mövzusunda beynəlxalq vebinar keçirilib.

UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovanın moderatorluğu ilə baş tutan beynəlxalq vebinarda Makedoniya Universitetinin Təhsil və Sosial Siyasət Departamentinin rəhbəri, dosent Lefkothea Kartasidou, Türkiyənin Qlobal Əngəllilər Fondunun təsisçisi və prezidenti Necdet Öztürk, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi layihənin inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanov, Xəzər Universitetinin Psixologiya şöbəsinin koordinatoru, “Psixoloji Xidmət Mərkəzi”nin rəhbəri Mələk Kərimova, UNEC 24/7 Kitabxanasının direktoru, İnklüziv Təhsildə Elektron kitabxana mütəxəssisi Arzu Məmmədova, UNEC-in Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosenti Təranə Əliyeva məruzə ilə çıxış ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudovun, Rusiya və Türkiyə universitetləri ilə yanaşı, Lənkəran, Gəncə, Mingəçevir Dövlət universitetləri, Xəzər Universitetinin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də qatıldığı həmin vebinardakı məruzələr əsasən “İnklüziv təhsil nədir?”, “Əlilliyin növləri (nozologiyalar)”, “İnklüziv təhsil necə təşkil olunmalıdır?”, “İnklüziv təhsildə qarşıya çıxan problemlər və onların həlli yolları”, “İnklüziv təhsildə istifadə edilən rəqəmsal texnologiyalar” və “İnklüziv təhsildə kitabxana xidmətinin təşkili” kimi mövzuları əhatə edib.

Ombudsman Aparatının əməkdaşı beynəlxalq vebinarda çıxışı zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları sırasında təhsil hüququnun mühüm yer tutduğunu, son zamanlar əlilliyi olan şəxslərin təhsil hüququnun təmin edilməsi ilə bağlı həyata keçirilən hüquqi islahatlar, onların hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan Müvəkkilin bu sahədə gördüyü işlər barədə məlumat verib.

Müvəkkil tərəfindən əlilliyi olan şəxslərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək elektron hökumətin imkanlarından faydalanmaqla distant təhsil alması, onlayn ödəmələr aparması, qanunvericilik aktları ilə tanış olması, əmək bazarına çıxış imkanı əldə etməsi, ümumi ictimai həyata inteqrasiya olunması və s. üçün onların kompüter proqramlarına çıxışının asanlaşdırılması təklifinin irəli sürüldüyünü və bu təklif nəzərə alınmaqla Nazirlər Kabinetinin 2020-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə internet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblərin müəyyən edildiyi vurğulanıb.

Təhsil qanunvericiliyinə inklüziv təhsillə bağlı müddəaların daxil edilməsi, əlilliyi olan şəxslər üçün müxtəlif profilli reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılması, bu sahədə ixtisaslaşmış peşəkar mütəxəssislərin - korreksion pedaqoqların, psixoloqların, sosial işçilərin, həkim surdoloqların, audioloqların və s.  hazırlanması ilə bağlı Müvəkkil tərəfindən təkliflər irəli sürdüyü diqqətə çatdırılıb.

Son dövrlər ölkəmizdə sosial inklüziyanın təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin cinsindən, dilindən, dinindən, əqidəsindən, etnik mənsubiyyətindən, mənşəyindən, sosial və əmlak vəziyyətindən, qulluq mövqeyindən, sağlamlıq imkanlarından və hər hansı başqa əlamətlərindən asılı olmayaraq hər kəsin ictimai həyatda aktiv iştirakına bərabər imkanların yaradılmasına və bu sahədə ayrı-seçkiliyin yolverilməzliyinə xidmət etdiyi bildirilib.

Beynəlxalq vebinar interaktiv müzakirələrlə başa çatıb.