Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın pandemiya dövründəki fəaliyyəti beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırılıb

21-05-2020 209 dəfə oxunub
Ombudsmanın pandemiya dövründəki fəaliyyəti beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırılıb

İnsanların həyat və sağlamlığını ciddi şəkildə təhdid edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində dünya miqyasında preventiv və mübarizə xarakterli tədbirlər davam etdirilir. Bununla yanaşı, pandemiya dövründə insan hüquq və azadlıqlarının səmərəli təmini məsələsi də xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, ölkələrdə insan hüquq və azadlıqlarının təmini prosesinə nəzarəti həyata keçirən ən təsirli mexanizm hesab olunan Milli İnsan Hüquqları İnstitutlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. 

Bu günlərdə Ombudsman Aparatının şöbə müdirinin müavini- Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Milli İnsan Hüquqları İnstitutlarının Avropa şəbəkəsinin növbəti onlayn iclasında iştirak edib. O, Müvəkkil Səbinə Əliyevanın ölkəmizdə xüsusi karantin rejimi dövründə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı məruzə ilə çıxış edib. Belçika, Almaniya, Danimarka, Gürcüstan və digər ölkələrin Milli İnsan Hüquqları İnstutları ilə yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin, Avropa Ombudsman İnstitutunun və bir sıra nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi iclasda Aparatın nümayəndəsi xüsusi karantin rejimi dövründə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini ilə əlaqədar aidiyyəti dövlət qurumlarına xüsusi müraciət ünvanladığını və bir sıra tövsiyələr verdiyini bildirib. Z.Vəliməmmədli qeyd edib ki, karantin dövrü ərzində Ombudsman Aparatında vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, onlayn, e-mail, poçt, faks və qurumun sosial media hesablarından  müraciət imkanları təmin edilib. Bildirilib ki, Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində əvvəlcədən xəbərdarlıq etmədən sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrinə, eləcə də əlilliyi olan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə başçəkmələri davam etdirilir. 

Z.Vəliməmmədli Müvəkkilin təşəbbüsü ilə əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına Milli Preventiv Qrupun üzvləri tərəfindən əlilliyi olan şəxslərin hüquqları üzrə ekspertin də iştirakı ilə başçəkmə həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.  Bildirilib ki, başçəkmədə məqsəd xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, müyəssərlik, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Vurğulanıb ki, başçəkmə zamanı pasiyentlərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, o cümlədən uşaq şöbəsinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib və aidiyyəti qaydada müəssisə rəhbərliyinə tövsiyələr verilib. 

Qeyd olunan məlumat iclas iştirakçıları tərəfindən maraqla qarşılanıb və müsbət təcrübə kimi qiymətləndirilib. İclas müzakirələrlə davam etdirilib.