Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib

21-12-2019 532 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib

Bu günlərdə Moskva şəhərində “Avrasiya məkanında insan hüquqlarının müdafiəsi: ombudsmanların bu sahədə müsbət iş təcrübələrinin bölüşülməsi” mövzusunda III beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı həmin konfransda iştirak edib.

Tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, Rusiya Federasiyasının hökumət və parlament üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı həmin konfransda “Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda miqrasiya qanunvericiliyinin ölkənin qoşulduğu beynəlxalq sənədlərə uyğun təkmilləşdirildiyini bildirib və bu istiqamətdə innovativ yanaşmalar tətbiq edilməklə həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. 

Xüsusi vurğulanıb ki, ölkənin bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmasına, bu problemin Azərbaycan dövləti üçün əsas, prioritet məsələ olaraq qalmasına baxmayaraq, ölkəmiz öz iqtisadi inkişafı, sabitliyi, tolerantlıq mühitinə görə miqrantlar üçün cəlbedici məkana çevrilib və buraya üz tutan miqrantların sayında artım müşahidə olunur.

A.Səfixanlı Müvəkkilin qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti barədə məlumat verərək, onun mühüm bir hissəsinin qeyri-qanuni miqrasiya, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldildiyini bildirib. Bununla yanaşı, Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində görülmüş işlər barədə iştirakçılara geniş məlumat verilib. 

Çıxışda, həmçinin qeyd olunub ki, Müvəkkilin fəaliyyətə başladığı ilk günlərdən təsisatda bu şəxslərin hüquqlarının müdafiəsi üzrə yaradılmış xüsusi struktur bölməsində bu əhali qrupunun hüquqlarının təmin edilməsi vəziyyəti, problemləri, ehtiyacları və müraciətləri araşdırılaraq təhlil edilir, eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə geniş məsləhətləşmələr təşkil edilir, əldə edilmiş nəticələr üzrə aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır. Habelə digər təkliflərlə yanaşı əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma müddətinin uzadılması, həmçinin valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiəsi, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Müvəkkilin təkliflərinin nəzərə alındığı qeyd edilib. Digər məsələlərlə yanaşı readmissiya, qaçqınların inteqrasiyası, həmçinin miqrasiya idarəçiliyi proseslərinə cəlb edilmiş dövlət qurumlarının əməkdaşlarının biliklərinin artırılması sahəsində Ombudsman təsisatının səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

Bununla yanaşı, ölkə ərazisində olan miqrantlarla yanaşı, ölkə hüdudlarından kənar yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının Müvəkkilə öz müraciətlərini təqdim etmələri üçün geniş imkanların yaradıldığı qeyd olunub, Ombudsmanın bu istiqamətdə tətbiq etdiyi çoxsaylı müsbət təcrübələr barədə məlumat verilib.

A.Səfixanlı qeyd edib ki, ölkə Ombudsmanı digər dövlət qurumları ilə yanaşı həm Dövlət Miqrasiya Xidməti, həm də xarici Ombudsmanlarla, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə qurulmuş sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir, bu kateqoriyadan olan şəxslərin vəziyyətinə dair birgə araşdırmalar aparılır, yerlərdə mütəmadi görüşlər keçirilir. Bu tədbirlərin nəticəsi olaraq əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılmasına, onların sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqların həyata keçirilməsi üçün yardım göstərilir, vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin vətəndaşlıq mənsubiyyəti müəyyən edilir, bu şəxslər qısa vaxt ərzində lazımi sənədlərlə təmin edilir, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınır, bu şəxslərə qarşı zorakılıq hallarının yolverilməzliyi davamlı olaraq təbliğ edilir. 

Konfransda çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda miqrantların insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları və Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndiriblər.