Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi gender əsaslı zorakılıqla mübarizə mövzusunda tədbir keçirib

05-12-2019 531 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi gender əsaslı zorakılıqla mübarizə mövzusunda tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi, Göygöl rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Tədbiri Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Rəsulov giriş sözü ilə açaraq gender zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacib olduğunu, bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, keçirilən tədbirə görə Ombudsman təsisatına rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, tədbir BMT-nin təşəbbüsü ilə bütün dünyada “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində, həmçinin  Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq təşkil edilib. Hər il 25 noyabr- Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında keçirilən, “16 günlük kampaniya” kimi tanınan bu qlobal tədbir vasitəsilə bütün dünyada fərdi şəxslər və təşkilatlar qadınlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırılır. 

Bildirilib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik islahatları uğurla davam etdirilməkdədir. Bu islahatlar çərçivəsində bir sıra qanunlarla yanaşı 22 iyun 2010-cu il tarixdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edən və tənzimləyən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Məruzəçi tərəfindən qeyd edilən qanunun müddəaları, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahədə həyata keçirilmiş tədbirlər, ərizə və şikayətlərə baxılması qaydaları, Müvəkkilin səlahiyyətləri, regional mərkəzlər, regional mərkəzlərə müraciət etmək qaydaları barəsində ətraflı məlumat verilib.

         Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları çıxış ediblər.

Tədbirdə iştirak edən insanların Müvəkkilə ünvanlanmış müraciətləri Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən qəbul edilib.