Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

18-01-2019 377 dəfə oxunub
20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında, onun regional və resurs mərkəzlərində Ombudsman tərəfindən qanlı 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Aparatda keçirilən anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsmanın 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Bəyanatı diqqətə çatdırılıb. Həmin Bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi vurğulanıb.

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və Azərbaycan Diaspor təşkilatlarımız tərəfindən təşkil olunan anım tədbirləri və konfranslarında Müvəkkilin bəyanatı səsləndirilir və iştirakçılara paylanılır. Ombudsmanın bəyanatı Azərbaycan Respublikasının Malayziya, İran, Bolqarıstan və Küveytdəki Səfirlikləri tərəfindən həmin ölkələrin Xarici İşlər Nazirliklərinə və diplomatik nümayəndəliklərə təqdim edilib.

Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, silahsız mülki şəxsləri, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuşdur. Doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Müvəkkil o dövrdə Ümummilli liderimiz Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verdiyini, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini söyləyib. O, həmin hadisələrin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələndiyini diqqətə çatdırıb. 

Vurğulanıb ki, Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir. Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir. 

Qeyd olunmuşdur ki, həmin dəhşətli faciə dinc əhalinin qırılmasına səbəb olub, nəticədə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Lakin öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Yekunda bəyanatda dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması naminə qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyin zəruriliyi vurğulanıb.

Eyni zamanda Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, həmçinin Müvəkkilin Ahılların Resurs Mərkəzində də 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub. Bu tədbirlərdə Ombudsman təsisatının əməkdaşları, “20 Yanvar” cəmiyyətinin sədr müavini və ehtiyatda olan hərbi qulluqçu, həmin qanlı hadisələr zamanı yaralanmış şəxs, həmçinin şəhid ailələrini təmsil edən 20 Yanvar Fondunun üzvü, Ahılların Resurs Mərkəzinin nümayəndəsi, habelə faciənin şahidi və digər qonaqlar çıxış edərək faciə haqqında məlumat veriblər. Uşaqlar mövzu ilə bağlı şeirlər söyləyiblər.

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu 3 saylı orta məktəbdə, Daşkəsən rayonu 2 saylı məktəbdə, Gəncə şəhər Gənclər Evində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Car kəndində, Şəki rayonu Turan qəsəbəsində, Qax rayonu Kötüklü kəndində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq tipli uşaq evində, Lənkəran rayonu Girdəni Bələdiyyəsində və Şağlaser kənd tam orta məktəbində, Cəlilabad şəhərindəki 8 saylı tam orta məktəbdə, Tibb Kollecində və Musiqi-İncəsənət Məktəbində, Astara rayonu Artuba kənd tam orta məktəbində, Quba Regional Mərkəzi tərəfindən isə Quba şəhər 3 saylı və 7 saylı məktəblərdə, Xaçmaz və Qusar rayonlarında belə silsilə tədbirlər keçirilib. 

Adı çəkilən bütün tədbirlərdə Ombudsmanın Bəyanatı səsləndirilib. İştirakçılar qeyd ediblər ki, 20 Yanvar 1990-cı ildə baş vermiş hadisə xalqımızın qan yaddaşına faciə kimi yazılmaqla yanaşı milli qürur mənbəyinə çevrilmiş, azərbaycanlıların azadlıq və müstəqillik uğrunda mübarizə aparmağa hazır olduqlarını bir daha təsdiqlənmişdir.