Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu birgə 31 oktyabr 2019-cu il tarixdə “Din və İnsan Hüquqları” mövzusuda konfrans təşkil edib. Tədbirə qeyd edilmiş qurumlarla yanaşı, Milli Məclisin, dövlət qurumlarının, dini icmaların, ali təhsil müəssisələrinin, QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.
Ombudsman Elmira Süleymanova tədbirdə çıxış edərək, hər bir şəxsin həyatında, ölkədaxili və ölkələr arası dayanıqlı inkişafda dinlə münasibət faktorunun olduqca böyük rolunu və öz növbəsində dinlə insan hüquqların da əlaqələrinin danılmaz olduğunu vurğulayıb.
O, qeyd edib ki, insan hüquqlarının təməlində duran bərabərlik prinsipi hələ 1918-ci ildə müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və göstərilmişdir ki, dinindən, irqindən və hər hansı başqa əlamətlərindən asılı olmayaraq hər kəsin bərabər hüquqları var və onları heç kəs poza bilməz. Eyni zamanda, qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ verməklə onların dövlət idarəetməsində, qərar qəbuletmə səviyyəsində iştirakı və nəticədə onların bütün hüquqlarının bərabər imkanlarla təmin olunması üçün imkan yaradılıb.
Həmin prinsipin 30 il sonra BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də üzv ölkələrə tövsiyə olunduğu bildirilib.
Müvəkkil habelə Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələrdə ardıcıl, sistemli islahatlar məkanına çevrildiyini, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndiyini, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması üçün imkan yarandığını söyləyib. Azərbaycanda heç bir zaman milli, dini və irqi zəmində ayrı-seçkiliyin olmaması da diqqətə çatdırılıb.
Müstəqil respublikamızın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının 18-ci maddəsində də din və dövlət münasibətlərinin öz əksini tapması, ölkəmizdə dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyinin təsbit edilməsi haqqında iştirakçılara məlumat verib.
O, həmçinin söyləyib ki, ulu öndər tərəfindən ölkəmizdə yaşayan azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin inkişafına, onların hüquq bərabərliyinə hər zaman xüsusi diqqət yetirilib və yürüdülən siyasət məhz bu prinsiplərə əsaslanıbdır.
E.Süleymanova yaşamaq hüququnun insan hüquqları kontekstində xüsusi yer tutduğunu, dünyada bir tərəfdə terror, müharibə, etnik təmizləmə, insan hüquqlarının, o cümlədən yaşamaq hüququnun kütləvi şəkildə pozulması ilə nəticələnən hadisələrin, digər tərəfdə isə həmin hüquq və azadlıqlarının təmin olunması, humanist dəyərləri özündə birləşdirən tolerantlıq, sülh, dözümlülük və multikulturalizm ideyalarının aşılandığını bildirib.
Azərbaycanın dünyada öz çoxmədəniyyətli və çoxkonfessiyalı mühiti, dövlət-din münasibətlərinin qurulmasının özünəməxsus modeli ilə örnək kimi qəbul olunduğu da ayrıca olaraq vurğulanıb.
Habelə məlumat verilib ki, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixən qədim və əzəli Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikasında yüz minlərlə azərbaycanlılardan bir nəfər belə qalmayıb və onlar həmin dövlətin yürütdüyü monoetnik siyasətinin nəticəsi olaraq kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, Azərbaycanda bu gün də yaşayan on minlərlə erməni Azərbaycan vətəndaşı kimi bütün konstitusion hüquqlardan faydalanır, millətinə və dininə görə hər hansı bir hüquq pozuntusuna məruz qalmır.
Müvəkkil qeyd edib ki, ötən dövrdə ona ünvanlanmış müraciətlər arasında dini zəmində təqib hallarına, dini etiqad azadlığının pozulması hallarına rast gəlinməmişdir.
Ombudsman bəzi ölkələrin dindən istifadə edərək siyasi manipulyasiyalara yol verdiyini, beynəlxalq insan hüquqları prinsiplərini pozaraq kütləvi şəkildə insan hüquqlarının qəddarlıqla pozulduğunu, islamafobiya və ksenofobiyaya əsaslanaraq dinc əhaliyə qarşı qırğınlar, soyqırımlar törədildiyini bildirib. Buna görə də, dinin fərdi, dövlətdaxili və dövlətlərarası münasibətlərdə həm yaradıcı, həm də dağıdıcı qüvvə kimi istifadə oluna bilməsinin mümkünlüyü nəzərə alınaraq, sülh və barışdırıcı mövqe tutmaqla dinlərin xalqlar və dövlət arasındakı münasibətlərdə körpü rolunu oynamasının zəruriliyini ifadə edib.
O, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin ölkəmizdə yeni təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə yönəldiyini, islam, xristian və iudaizmin dini icmalarının inkişafına, müvafiq məscidlərə, kilsələrə və sinaqoqlara böyük dəstək verilərək, onların təmir olunmasına və maddi təminatlarının yüksəlməsinə hər zaman təşəbbüs göstərildiyini, hər il müvafiq sərəncamlarla dini konfessiyalara maddi dəstəyin ayrıldığını vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan dünyada tanıdılmasında müstəsna xidmətləri olan ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayədarlığı ilə Rusiyada Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılıb, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombaları, başqa ölkələrdə dini məbədlər bərpa olunmuşdur ki, bu da ölkəmizlə müxtəlif dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlıq baxımından yüksək dəyərləndirilir.
E.Süleymanova həmçinin Qafqazda sülhün, sabitliyin və inkişafın bərqərar olunmasına yönəlmiş fəaliyyətdə Şeyxülislam Allahşükür Pazadənin də xidmətlərinin danılmaz olduğunu və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.
O, ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, beynəlxalq humanitar forumlar, dünya dinləri liderlərinin zirvə görüşü, mədəniyyətlərarası dialoq forumları kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini, növbəti ayda “Dünya Dini Liderlərinin II Bakı Sammiti”nin təşkil ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, bu qəbildən olan sivilizasiyalar və mədəniyyətlər arası dialoq üçün geniş platforma yaradan Bakı Prosesinin də artıq ölkə hüdudlarını aşaraq, BMT-nin qərarı ilə beynəlxalq miqyasda bu adla dəstəkləndiyini xüsusilə qeyd edib.
Müvəkkil ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, habelə Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövrdə bu qurumların inkişafına və yüksək nəticələrə nail olacağına inandığını söyləyib.
Habelə vurğulanıb ki, multikulturalizm və tolerantlıq Azərbaycanda yalnız dözümlülük deyil, ailələrdə, icmalarda və cəmiyyətdə xoş münasibət və rəftar, qarşılıqlı etimad və birgə yaşam tərzidir və ölkəmizdə sabitlik, dayanıqlı inkişaf üçün etibarlı zəmanətdir.
Qeyd edilən məqsədlərə çatmaq üçün dövlət qurumlarının, habelə Ombudsmanın da öz səlahiyyətləri çərçivəsində həm ölkədaxili, həm də beynəlxalq fəaliyyətində sistemli, ardıcıl iş apardığı, həmin işlərin nəticələrinin müntəzəm olaraq ictimailəşdirildiyi, lakin hələ də bu sahədə birgə səylərlə QHT və KİV-lərlə şəbəkə şəklində geniş əlaqələndirilmiş maarifləndirmə işinin əhalinin bütün qrupları cəlb olunmaqla təşkilinə və təşviqinə yönəlmiş əməkdaşlığın daha da inkişafı üçün böyük potensialımızın gücləndirilməsinin zəruriliyini bildirilib.