Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzi qida təhlükəsizliyi ilə bağlı tədbir təşkil edib

29-10-2019 183 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzi qida təhlükəsizliyi ilə bağlı tədbir təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər İcra hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki Regional şöbəsi ilə birgə rayon Dövlət Regional Kollecinin, Tibb Kollecinin və Şəki Texniki Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Ombudsmanın Şəki Regional Mərkəzində “Qida Təhlükəsizliyinin təmini dövlətin əsas vəzifələrindən biridir” mövzusunda tədbir keçirilib.

Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov giriş nitqi ilə çıxış edərək, ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifələrdən biri kimi dövlət strategiyasının prioritetləri sırasında olduğunu, ölkə prezidenti cənab İlham Əliyevin əhalinin etibarlı ərzaq məhsulları ilə təmin edilməsini iqtisadi inkişaf strategiyasının əsas hissələrindən biri olaraq daim diqqət mərkəzində saxladığını iştirakçıların diqqətinə çatdırıb. 

Qeyd edilib ki, ölkədə etibarlı ərzaq təminatı ilə əlaqədar mütəmadi olaraq islahatlar həyata keçirilib, qanunvericilik sistemi təkmilləşdirilib, müvafiq sərəncamlarla 2001-2010-cu illəri əhatə edən Azərbaycan Respublikasında Ərzaq Təhlükəsizliyi Proqramı, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı, Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı qəbul edilib. 

Sözügedən dövlət proqramlarının məqsədlərindən biri də qida təhlükəsizliyi ilə bağlı əhalinin hüquqi maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, bu sahədə qəbul edilmiş qanunların, beynəlxalq konvensiyaların və digər qanunvericilik aktlarının tətbiqi və təbliğidir. Həmçinin BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən Sammitində dünya liderləri tərəfindən qəbul edilmiş 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində də ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olunması və dayanıqlı kənd təsərrüfatının təşviq edilməsinin 17 məqsəddən biri olaraq müəyyən edildiyi iştirakçıların nəzərinə çatdırılıb. 

P.Məmmədov bildirib ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində Ombudsman Fakt araşdırma missiyası çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qarşılıqlı əməkdaşlıq istiqamətlərini, ölkədə qida hüququnun təmin edilməsi istiqamətində görülən işləri müzakirə edib. Həmin görüşdə Ombudsman yanında fəaliyyət göstərən Biznes və İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyət istiqamətlərindən birinin də məhz ərzaq təhlükəsizliyi məsələləri olduğu diqqətə çatdırılıb. 

Tədbirin digər iştirakçıları öz çıxışlarında məktəbəqədər  təhsil müəssisələrində uşaqların təhlükəsiz qida ilə təmin olunmaları vəziyyətinin araşdırılması ilə əlaqədar keçirilmiş birgə monitorinqlər, istehlak bazarına nəzarət məqsədilə mənşəyi məlum olmayan, saxtalaşdırılmış məhsullarla bağlı və qida təhlükəsizliyi baxımından sertifikatı olmadan fəaliyyət göstərən topdan və pərakəndə satış məntəqələrində, həmçinin təhsil müəssisələrində qidalanmanın təşkili ilə bağlı məktəb, kollec və universitetlərin daxili bufetlərində həyata keçirilən monitorinqlər, məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində keçirilmiş maarifləndirmə tədbirləri barədə danışıblar.

Tədbirin sonunda iştirak edən müəllim və tələbələrin sualları cavablandırılıb. İştirakçılar bu sahədə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd edərək tədbirin təşkil olunmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.