Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib

17-07-2019 10467 dəfə oxunub
Ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası keçirilir.Burada məqsəd “Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır. 

Bu kampaniya çərçivəsində Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə artıq Lənkəranda və Şəkidə regional konfranslar təşkil etmişdir.

 Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və növbəti regional konfrans Gəncə şəhərində keçirilib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı İlham Məmmədov, Gəncə, Yevlax və Naftalan şəhərlərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Goranboy rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, ağsaqqallar, fəal qadınlar, sahibkarlar, gənclər, QHT və KİV nünayəndələri iştirak edib. 

İlk olaraq, konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Ombudsman konfrans iştirakçılarını salamlayıb, tədbirin ölkəmizin ən qədim və gözəl şəhərlərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncədə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, diqqətə çatdırıb ki, konfrans Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu günlərdə keçirilir və bu uzaqgörən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin hər zaman islahatlar və inkişafında yeni mərhələyə yol açmışdır.

E.Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. 

Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir. 

Çıxışında Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman diqqətə çatdırıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi asılılıq və zorakılıq hallarının azalması ilə müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir.

Həmçinin ölkəmizin artan əhalisi üçün keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, uşaqlara peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlər davam etdirilir. 

Ombudsman BMT-nin İqtisadi və Sosial Şurası yanında ölkəmizin ilk və indiyədək yeganə Məsləhətçi Statuslu qadın qeyri-hökumət təşkilatı, İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti olduğu dövrdə icra edilən, ilk dəfə olaraq icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə proqramların həyata keçirildiyini və BMT-nin Əhali Fondu tərəfindən yüksək qiymətləndirdiyini vurğulayıb.

Bildirilib ki, erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımızın geri qaytarılması, ədalətli sülhün imzalanması, habelə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ Müharibəsində əlil olmuş şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, yeni mənzillərin tikilməsi və paylanması, onların sosial məsələlərinin həll edilməsi, iş yerlərinin açılması və özünə məşğulluq imkanlarının artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən davamlı işlər aparılır

Eyni zamanda bəzi problemlərin və çətinliklərin olduğu, o cümlədən gənclər arasında zərərli vərdişlərin, cinsi və məişət zorakılıqların artmasına gətirib çıxardığını, habelə erkən nikahların, boşanmaların artmasının yolverilməzliyi qeyd olunub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, ana və uşaq sağlamlığı, erkən nikahlar, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinə kompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nail olmaq olar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov konfransın təşkilinə və dəvətə görə Ombudsmana minnətdarlığını bildirib, müzakirə olunan mövzu ilə əlaqədar fikir və mülahizələrini söyləyib. O, əhalinin sağlamlığının, reproduktiv sağlamlığın əhəmiyyəti, demoqrafik inkişaf, ölkəmizdə aparılan islahatlar və müsbət addımlar, əhalinin rifahının yaxşılaşmasına yönəlmiş qanunvericlik bazası, əhalinin məşğulluğu barədə məlumat verib. Millət vəkili səmərəli əməkdaşlıq etdiyi Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini, o cümlədən onun təşkil etdiyi silsilə hüquqi maarifləndirmə tədbirlərini yüksək dəyərləndirib. 

Konfransda adı çəkilən şəhər və rayonların təmsilçilərinin də çıxışları və təklifləri dinlənilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Afət Mustafayeva, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva, Gədəbəy  Rayon Təhsil Şöbəsinin müdiri Murad Bayramov, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev və digərləri konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri şəhər və rayonlarda aparılan geniş sosial-iqtisadi inkişafa əsaslanan işlər, təhsil və səhiyyə sahəsindəki uğurlar, sahibkarlığın, yerli əhalinin rifah halının yaxşılaşması, geniş maarifləndirmənin aparılması barədə ətraflı məlumat veriblər.

Yekunda interaktiv şəkildə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gəncə şəhərində keçirilən növbəti regional konfransda məzmunlu çıxışlar və iştirakçıların fəallığı ilə aparılan geniş müzakirələr zamanı Qahirə Proqramının da prioritetlərinə və məqsədlərinə uyğun olaraq, son 25 ildə dövlətimizin iqtisadi və sosial, habelə insan hüquqları sahəsində inkişafı ilə əhalinin bütün qruplarını əhatə edən islahatlar yüksək dəyərləndirilmiş, insan hüquqlarının daha səmərəli təmin olunması üçün təklif və tövsiyələrin səsləndirildiyi belə tədbirlərin davamlı olmasının, ayrı-ayrı sahələrdə də keçirilməsinin zəruriyyəti vurğulanıb.

Tədbir iştirakçıları bu cür səmərəli kampaniyaya və konfransa görə Müvəkkilə dərin təşəkkürlərini bildiriblər. Hər bir rayon üzrə səlahiyyətli şəxslərə fəaliyyətlərini istiqamətləndirmək məqsədilə Qahirə Konfransının əsas məqsəd və məramlarını əks etdirən, habelə Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən nəşrlər verilmişdir.

Bu kampaniya çərçivəsində növbəti konfrans Qubada keçiriləcəkdir.