Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 18-ci toplantısı keçirilib

05-07-2019 10459 dəfə oxunub
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 18-ci toplantısı keçirilib

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 18-ci toplantısı keçirilib.

 “İnformasiya əldə etmək hüququnun təmini biznes və insan hüquqları kontekstində” mövzusunda keçirilən tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, Ombudsman yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri və digər QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən müvəkkil “Biznes və insan hüquqları sahəsində rəhbər prinsiplər” haqqında məlumat verib. Bildirib ki, bu sənəd dövlət və biznes qurumlarının məsuliyyətini (korporativ sosial məsuliyyəti) və insan hüquqlarının pozulması hallarında hüquq müdafiə vasitələrinə əlçatanlıq məsələləri kimi fəaliyyət istiqamətlərini nəzərdə tutduğunu diqqətə çatdırıb. Müvəkkilin təşəbbüsü ilə biznes və insan hüquqları sahəsinə diqqətin daha da artırılması, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 2013-cü ildən etibarən Biznes və İnsan Hüquqları üzrə İşçi qrup təsis edilib, həmin İşçi Qrup tərəfindən əhalinin həssas qruplarının hüquq və azaqdlıqlarına, gender bərabərliyi, sahibkarların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyi, tikintidə təhlükəsizlik, ekoloji problemlər, istehlakçıların hüquqlarının müdafiəsi və digər aktual mövzular üzrə indiyədək 17 dəyirmi masa təşkil olunub. Səsləndirilən fikir və tövsiyələr ümumiləşdirilərək aidiyyəti qurumlara göndərilib və onlardan bir çoxu həllini tapıb.

E.Süleymanova çıxışında bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət həm bu qanunla, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ombudsmana həvalə olunub. Bununla əlaqədar olaraq müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən bu qanunun tələblərinin pozulması halları ilə bağlı ünvanına daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görülməsinə nail olur. Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı davamlı olaraq təklif və tövsiyələrini aidiyyəti qurumlara təqdim etdiyini diqqətə çatdırıb.

Müvəkkil qadın sahibkarların sayının artdığını, informasiya kommunikasiya texnologiyalarının inkişafı nəticəsində e-hökumət, e-ticarət, distant təhsil və sairin təşəkkül tapdığını, xidmətin keyfiyyətinin yüksəldildiyini və bu istiqamətlərdə mühüm addımların atıldığını qeyd edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sektor müdiri Kamal Məmmədov uşaqlar və gənclər arasında internetdən təhlükəsiz istifadənin təbliğinin və onları mövcud təhdidlər barəsində məlumatlandırmağın, kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti və internet istifadəçilərinin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Adil Ələkbərov “ASAN xidmət” mərkəzlərinin, regionlarda həssas qrupların nümayəndələri üçün səyyar, habelə xəstə və ahıl şəxslərə evlərində xidmət göstərə bilmələri üçün səyyar mobil avtobusların fəaliyyəti, vətəndaşların işlərini asanlaşdırmaq, onların istədikləri arayışları almasında çətinliklərin aradan qaldırılması və şəffaflığın təmini məqsədilə yaradılmış “myGov” portalı barəsində məlumat verib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı Ləman Mehdiyeva informasiya azadlığı haqqında daxili icraat qaydaları, informasiyanın vaxtında təmin edilməsi üzrə prosedur qaydaları, nazirliyə daxil olan müvafiq şikayət və sorğuların icraatı ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dəyirmi masada “İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi, informasiyanın təhlükəsizliyi, fərdi məlumatların qorunması, bu sahədə dövlət və biznes qurumlarının fəaliyyəti, informasiya əldə etmək hüququnun təmini ilə bağlı qanunvericiliyin icrasına məhkəməyəqədər nəzarət mexanizmləri, məhkəmə təcrübəsi, beynəlxalq praktika və mövzu üzrə digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda informasiya azadlığının effektiv təmini məqsədilə vətəndaşlar arasında maarifləndirmənin genişləndirilməsi, maarifləndirici və sosial çarxların çəkilməsi, keçmiş məhkumların məşğulluğunun təmin edilməsi məqsədilə şirkətlər tərəfindən stiqmanın aradan qaldırılması üçün tədbirlərin görülməsi, bütün qurumların qabaqcıl metodlardan istifadəsi və müsbət təcrübələrini bölüşməsi, qeyri-hökumət təşkilatlarının şəbəkə şəklində əlaqəli fəaliyyət göstərməsi, plastiklərdən istifadənin qarşısının alınması və təkrar istifadəyə yönəldilməsi, internetdən istifadə qaydaları və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.