Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman qadın sahibkarlığı ilə bağlı tədbirdə iştirak edib

21-06-2019 10505 dəfə oxunub
Ombudsman qadın sahibkarlığı ilə bağlı tədbirdə iştirak edib

Xəbər verildiyi kimi, Ombudsman təsisatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə qadın sahibkarlığı ilə bağlı “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda tədbir keçirilib.

Bu tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Milli Məclisin deputatları, Ombudsman Aparatının və digər dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-in nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müvəkkil Elmira Süleymanova açılış mərasimində çıxış ediblər.

Ombudsman çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı demək olar ki, ənənəvi istehsalat sahələrinin canlanmasına bir sıra sahələrin bərpasına və ölkə ərazisində yayılmasının genişlənməsinə şərait yaradılır və əhali bu imkanlardan məmnunluqla yararlanır.

Dövlət başçısının sosial siyasəti nəticəsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ikinci inqilabi sosial paketin məhz 18 iyun Milli İnsan Hüquqları Günündə imzalanması xüsusi ilə əlamətdardır. Əmək haqqının, o cümlədən minimum həddinin, pensiyaların, müavinətlərin, təqaüdlərin məbləği bu ilin əvvəlindən orta hesabla iki dəfə artırılmışdır. 

30 oktyabr 2018-ci il tarixli Sərəncamla təsdiq olunmuş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”  xüsusən qadınlar, gənclər və əlilliyi olan şəxslər üçün ölkənin hər yerində bərabər və inklüziv məşğulluq imkanlarının yaradılmasına, kiçik və orta sahibkarlığın dəstəklənməsi yolu ilə səmərəli məşğulluğa və layiqli əməyə nail olunmuşdur. 

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” də öz növbəsində qadın sahibkarlığın inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasına, qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinə, onların yeni peşələr əldə etməsinə, mühüm tədbirlərin həyata keçirilməsinə yönəlmişdir.

Müvafiq dövlət proqramlarının icrası çərçivəsində qadın liderliyi və qadın sahibkarlığın təşviqi, qadınların məşğulluğa cəlb olunması istiqamətində zəruri tədbirlər görülmüş və bu cür tədbirlər davam etdirilməkdədir. Özünəşməğulluq proqramı da yeni bir iqtisadi forma kimi bu prosesə çox böyük dəstək verdi və ailə biznesinin özülünü qoydu. 

Qeyd olunan məsələləri ailə məişət zorakılığı baxımından dəyərləndirsək, məşğulluq qadının iqtisadi asılılığını və istismarını aradan qaldırmaqla onun nüfuzunun artmasına və bununla da ailələrdə sabitliyin təmin olunmasına, boşanmaların azalmasına, nəticə etibarı ilə uşaqların da hüquqlarının təmin olunmasına öz müsbət təsirini göstərir.

Bütövlükdə dövlətimiz Konstitusiyamızda təsbit olunan olunan insan və vətəndaş hüquq və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində növbəti mühüm addımı atmış oldu.  

Hər bir kəsin bütün hüquq və azadlıqlarını müdafiə edən və pozulmasının qarşısını alan Ombudsman eyni zamanda dövrün, dövlətimizin, xalqımızın prioritetlərinə həssas və operativ yanaşaraq, Biznes və insan hüquqları üzrə İşçi Qrupunu yaratmışdır. 

Bu qrupun məqsədi işəgötürən sahibkarların, işçilərin, həmçinin istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmişdir.

Aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən bu Qrup hazırkı vaxtadək bütün əhali qruplarının maraqlarına, aktual problemlərə, o cümlədən qadın sahibkarların hüquqları ilə bağlı müxtəlif aspektlərə, onların mənafelərinin qorunmasına həsr olunmuş 17 dəyirmi masa və geniş müzakirələr təşkil etmişdir. 

İşçi Qrupun toplantılarında millət vəkilləri, dövlət qurumları, vətəndaş cəmiyyəti və KİV-lərin də iştirakı ilə sahibkarlar tərəfindən əhalinin həssas qruplarının hüquq və azadlıqlarına hörmətlə yanaşılması, məşğulluq, əmək bazarında və cəmiyyətdə qadınların imkanlarının artırılması, gender bərabərliyi, sahibkarların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyi, tikintidə təhlükəsizlik, ekoloji problemlər, korporativ sosial məsuliyyət, istehlakçıların hüquqlarının müdafiəsi, habelə  BMT-nin daha bir mühüm sənədi olan “Qadınların səlahiyyətləndirilməsi prinsiplərinin (Women’s Empowerment Principles) həyata keçirilməsi və digər aktual sahələr üzrə səslənən fikir və tövsiyələr ümumiləşdirilməklə Parlamentə və aidiyyəti dövlət qurumlarına təkliflər paketi göndərilmiş və onlardan bir çoxu öz həllini tapmışdır. Bu təkliflər eyni zamanda Müvəkkilin illik məruzələrində də öz əksini tapır ki, beləliklə də ölkə Prezidentinə, səlahiyyətli qurumlara və ictimaiyyətə çatdırılır, saytımızda yerləşdirilir. 

Ombudsmanın fəaliyyət istiqamətlərindən birini də qlobal əhəmiyyəti daşıyan, bütün dövlətlər üçün aparıcı sənəd olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədərinin I-cisi yoxsulluğun aradan qaldırılması, VIII-ci layiqli əmək və iqtisadi artım və XII-ci məsuliyyətli istehsal və istehlak kimi məqsədlərinin, eləcə də korporativ sosial məsuliyyyət prinsipinin təbliği, təşviqi, təmin olunması istiqamətində fəaliyyətin həyata keçirilməsidir. Yeri gəlmişkən, İşçi Qrupun dəyirmi masalarından biri də məhz “Dayanıqlı inkişaf məqsədləri Biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuşdur. 

İnsan hüquqları üzrə Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı ölkəmizin demək olar ki, hər bir rayonunda təşkil olunmuş ictimai dinləmələrdə sahibkar qadınlar da iştirak edir, öz fikir və təkliflərini Ombudsmana bildirir, onların hər bir müraciətinə diqqətlə yanaşılır. 

Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşları Dayanıqlı İnkişaf üzrə rəsmi Əlaqələndirmə Şurasının üç işçi qrupunda təmsil olunaraq, müzakirələrdə müvafiq təkliflərimizi təqdim edir və bunlar nəzərə alınır. Ölkəmizin DİM-lər üzrə artıq iki könüllü hesabatının hazırlanmasında digər dövlət qurumları və Ombudsman təsisatı, habelə QHT-lər fəal iştirak edirlər.

Ombudsmanın 35 şəhər və rayonu əhatə edən Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə respublikanın şəhər və rayonlarında silsilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.

Ümumilikdə həyata keçirilən fəaliyyətimiz qadın sahibkarlığının davamlı inkişafinın təmin edilməsi üçün sahibkarların və bu prosesə cəlb olunan digər şəxslərin hüquqi maarifləndirilməsi, qadın və gənc sahibkarlara ictimai fəallıq, təşəbbüskarlıq, liderlik vərdişlərinin aşılanması, onların ixtisas seçimi ilə əlaqədar və iqtisadi qərarların qəbul olunmasında iştirak bacarıqlarının artırılmasına xidmət edir. 

Daha sonra Ombudsman Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına əlaqələndirici təşəbbüskar qrupların yaradılmasını, regionlarda mütləq sahəvi və zonal tədbirlərin, görüşlərin və müzakirələrin həyata keçirilməsini tövsiyə edib. Bununla tədbirlərdə hər bir sahənin sahibkarı (pambıqçı, baramaçı, tütünçü və s.) öz problemlərini, ehtiyaclarını, fikir və təkliflərini ifadə edə, öz müsbət təcrübəsini paylaşa, eyni zamanda maariflənə bilər. Bununla da biz böyük maddi və insan resurslarını hərəkətə gətirərək, hər bir qadının iştirakçılığı və hüquqları təmin edilə bilər.  

Müvəkkil sonda hamını bu sahədə əməkdaşlıq hərəkatına qoşulmağa çağırmışdır. 

Konfrans digər iştirakçıların çıxışları və interaktiv müzakirələrlə davam etdirilib.