Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

07-05-2019 179 dəfə oxunub
Ombudsman Aparatında Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasının Avropa Şurasına (AŞ) üzv qəbul edildikdən sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Katibliyinin Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşə AŞ-nın Bakı ofisinin rəhbəri Zoltan Herneys və AŞ Katibliyinin nümayəndələri də qatılıb.

Qonaqları salamlayan Müvəkkil bildirib ki, 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürmüş, bu öhdəliklərin icrası yalnız AŞ ilə əməkdaşlıq naminə deyil, eyni zamanda dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir. O, sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. 

Bununla yanaşı, öhdəlik götürülmüş «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının, Avropa Sosial Xartiyasının, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında haqqında Avropa Konvensiyasının imzalanması və ratifikasiya edilməsi, milli qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi və yeni Seçki Məcəlləsinin qəbulu, Korrupsiyaya qarşı mübarizə haqqında qanun və Dövlət Proqramının qəbul edilməsi, Konstitusiya Məhkəməsinə sorğu vermək hüququnun təmini, söz azadlığının təmin edilməsi və bu sahələrdə vəziyyətin daha da təkmilləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar diqqətə çatdırılıb.

E.Süleymanova Ombudsman təsisatının digər beynəlxalq, o cümlədən BMT-nin qurumları, Avropa İttifaqı, ATƏT-lə əməkdaşlıq barədə danışıb.

Eyni zamanda suallara cavab verərək müzakirə olunan bir sıra mühüm beynəlxalq sənədlərin qəbulu ilə bağlı, İstanbul Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunması, media sahəsində qanunvericiyə dair mütəmadi müzakirə edildiyi qeyd olunub. 

Habelə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən  edilmiş, preventiv mexanizmin fəaliyyətinin daha sistemli və səmərəli təşkili məqsədilə Milli Preventiv Qrup (MPQ) yaradılmış və bu qrup tərəfindən ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvəqqəti saxlama yerləri, penitensiar müəssisələr, ahıllar və uşaq evlərinə, psixiatriya müəssisələrinə müntəzəm baxışlar keçirilir. Müvəkkilin MPM qismində BMT və onun müqavilə qurumları, Avropa Şurası, Avropa ittifaqı, ATƏT, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), İşgəncələrə qarşı Avropa Komitəsinə (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiyaya (APT) və digər təşkilatlarla əməkdaşlıq etdiyi vurğulanmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğu bildirilib. 

Habelə bu günlərdə imzalanmış Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, eyni zamanda qəbul olunmuş “Mediasiya haqqında” Qanun barədə məlumat verilib.  

Ombudsman insan hüquqları sahəsində parlamentlə, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığı, Müvəkkil yanında yaradılmış Ekspertlər Şurasının mütəmadi fəaliyyəti, burada vətəndaş cəmiyyəti tərəfindən verilən tövsiyələrin nəzərə alınması, habelə insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində Ombudsman tərəfindən irəli sürülən yüzlərlə təklifin verilməsi və icrası barədə ətraflı məlumat verib. Həmin təkliflər nəzərə alınmaqla, qanunvericilik təkmilləşdirildiyi, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun qəbul edildiyi, ona uyğun daxili intizam qaydalarının təsdiqləndiyi vurğulanıb.

Müsbət təcrübə kimi Müvəkkil tərəfindən Milli Fəaliyyət Proqramının icrasının  mütəmadi monitorinqinin keçirildiyi, Bakı və ölkəmizin 57 rayonunda yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri, bələdiyyə üzvləri, yerli icmaların, geniş ictimaiyyətin iştirakı ilə ictimai dinləmələr təşkil olunduğu vurğulanıb.

Qonaqların suallarına cavab olaraq paytaxtda və ölkəmizin bölgələrində, o cümlədən ucqar yaşayış məntəqələrində hüquqi maarifləndirmə fəaliyyəti, şikayətlərin təqdim olunması prosesi və onlara reaksiya verilərək araşdırılması, Ombudsmanın regional mərkəzlərinin operativ başçəkmələri və yerində araşdırmaları, Müvəkkilin şəffaflıq prinsipi üzrə fəaliyyətinin təmini baxımından ictimaiyyətlə səmərəli əməkdaşlığı, çoxsaylı press-relizlərin KİV-lərə göndərilməsi, təsisatda qaynar xətlərin mövcudluğu, habelə beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində alternativ hesabatların müvafiq strukturlara göndərilməsi, beynəlxalq Bakı konfranslarının və digər mötəbər tədbirlərin təşkili, uşaqların, qaçqınların, məcbusi köçkünlərin, miqrantların, əlilliyi olan şəxslərin və digər kateqoriyaların hüquqları ilə bağlı UNİCEF və digər müvafiq qurumlarla birgə silsilə tədbirlərin təşkili barədə ətraflı məlumat verilib.

Görüşdə ölkədə insan hüquqlarının ümumi vəziyyəti, vətəndaş cəmiyyərinin inkişafı, Avropa Şurası ilə gələcək əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər, təkliflər də müzakirə olunub. 

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşün sonunda qonaq Aleksandr Qessel Müvəkkilə səmimi qəbul və ətraflı məlumat, təkliflər verdiyi üçün bir daha təşəkkür edib, Avropa Şurasının bu cür uğurlu fəaliyyət göstərən təsisatla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.