Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında tələbə və magistrantların növbəti təcrübəsi başlayıb

19-02-2019 10418 dəfə oxunub
Ombudsman Aparatında tələbə və magistrantların növbəti təcrübəsi başlayıb

Məlum olduğu kimi, insan hüquqlarının təmin olunması və müdafiəsi ilə yanaşı, tələbə və magistrantların səmərəli elmi-tədqiqat təcrübəsi keçməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət yetirdiyi məsələlərdəndir.

Bu günlərdə Ombudsman təsisatında Bakı Dövlət Universitetinin, “ADA” Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrantların növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb. 

İlk təcrübə günü Ombudsman tələbə və magistrantlarla görüşüb. O, qarşıdan Xocalı soyqırımı gününün yaxınlaşdığını bildirib və soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatərəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müvəkkil Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların zəbt edildiyi, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulduğu haqqında ətraflı məlumat verib. 

O, bildirib ki, ötən il bütün dünyada 70 illiyi qeyd edilən BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi və hüquq bərabərliyi bir çox dövlətlərin Konstitusiyasında, beynəlxalq konvensiyalarda təsbit olunduqdan sonra, bu sənəd icrası mütləq statusu almışdır. Həmin prinsiplər adı çəkilən Bəyannamədən hələ 30 il əvvəl Şərqdə ilk Parlamentli dövlət olan, ötən il 100 illiyi möhtəşəm şəkildə qeyd edilmiş Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmışdır. 

Ombudsman çıxışında Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızda hərtərəfli və köklü islahatların həyata keçirildiyini, dövlətimizin 230-dan çox beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Diqqətə çatdırılıb ki, Ulu öndərin böyük səyləri ilə müstəqil respublikamızın 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının səmərəli təmininə zəmin yaratmışdır. 

 

E.Süleymanova Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Ombudsman haqqında Konstitutsiya Qanununun qəbul edilməsi, bunun əsasında ilk Ombudsman təsisatının yaradılması və mandatı, səlahiyyətləri, regional mərkəzləri, əsas fəaliyyət istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.   

Müvəkkilin təklifi də nəzərə alınmaqla, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolu ratifikasiya edildikdən sonra, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Ombudsmanın müəyyən olunması, bu səlahiyyətlərlə bağlı adı çəkilən Konstitusiya Qanununa dəyişikliklərin edilməsi, şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə müntəzəm olaraq başçəkmələr həyata keçirilməsi qeyd olunub. 

Habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə də danışılıb.

Bildirilib ki, ölkəmizdə insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib. Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində ictimai dinləmələrin keçirildiyi, əldə edilən nəticələrin  təhlil edilərək ümumiləşdirildiyi və kitab şəklində nəşr edildiyi vurğulanıb.

Müvəkkil onun təşəbbüsü ilə 18 iyun tarixinin ökədə Milli İnsan Hüquqları günü kimi elan edildiyini, bunun ölkədə insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından önəmli olduğunu da diqqətə çatdırıb. 

Sonda E.Süleymanova tələbə və magistrantlara uğurlar arzulayıb.

Qeyd edilməlidir ki, Ombudsman Aparatında ümumilikdə 372 tələbə və magistrant elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr almışlar. Əsas etibarilə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Xəzər Universiteti və ölkəmizdəki digər universitetlərin, habelə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Hüquq, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər, Siyasi idarəetmə, Regionşünaslıq və beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə, Beynəlxalq münasibətlər fakültələrinin tələbə və magistrantları olublar.