Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndə heyəti Kişinyovda keçirilən beynəlxalq konfransda iştirak edib

24-12-2018 180 dəfə oxunub
Ombudsman Aparatının nümayəndə heyəti Kişinyovda keçirilən beynəlxalq konfransda iştirak edib

Bu günlərdə Kişinyov şəhərində “Qeyri ayrı-seçkilik müasir cəmiyyətlərin əsas dəyərlərindən biri kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, əməkdaşları Faiq Ağayev və Zaur Vəliməmmədli həmin konfransda iştirak ediblər.Konfrans Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində milli səviyyədə ayrı-seçkilikdən müdafiə yollarını tapmaq, eləcə də bu mövzuda təcrübə mübadiləsi aparmaqdan ibarət idi.Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı həmin konfransda “Azərbaycanda bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması və Ombudsmanın bu sahədəki fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. 

Aydın Səfixanlı çıxşında Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri və əməkdaşlıq əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd etmişdir.

Çıxışda həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və hər hansı ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini diqqətə çatdırmışdır.

Azərbaycanda multikulturazlizmin və tolerantlığın ölkənin həyat qaydasına çevrildiyi bildirilmişdir.

Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanı kimi tanınan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn dövlət siyasətinin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

O, çıxışında Ombudsmanın bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat vermişdir.

Ombudsmanın heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərdiyi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin müraciətlərinin dərhal qanunvericiliyə uyğun araşdırılaraq tədbirlərin görüldüyü, ölkəmizdə hər hansı bir millətə münasibətdə fobiyanın olmadığı bildirilmiş və praktik misallarla sübut edilmişdir.

     Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq, on minlərlə erməni millətindən olan şəxsin respublikamızda yaşadığı və eyni dərəcədə insan hüquqlarından istifadə etdikləri, onların Azərbaycan Ombudsmanına müraciətlərinin qanunla araşdırıldığı qeyd olunmuşdur. 

Konfrans çərçivəsində müzakirə olunan mövzulara müvafiq olaraq Aparatın rəhbəri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının implementasiyası istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən islahatlar və bu konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının yerinə yetirən Ombudsmanın  əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat vermişdir. 

Ombudsmanın təşəbbüsü və təqdim etdiyi təkliflər əsasında hazırlanmış “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi haqqında Dövlət Proqramı” layihəsində ahıllara qarşı ayrı-seçkiliyin və zorakılığın aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, o cümlədən işləmək arzusunda olan ahılların bilik və bacarıqlarına uyğun müvafiq işlə təmin edilməsi və ictimai işlərə cəlb edilməsi, özünəməşğulluğun təmin edilməsi, ahıl vətəndaşların əmək bazarına inteqrasiyası məqsədilə onlar üçün aktiv əmək bazarı proqramlarının hazırlanması və tətbiq edilməsi diqqətə çatdırılmışdır. 

A.Səfixanlı çıxışında həmçinin, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10 və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətini diqqətə çatdırmışdır.

Belə ki MFP-nın 4.10-cu bəndində əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, MFP-nın 4.11-ci bəndində mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin davam etdirilməsi kimi vəzifələrin nəzərdə tutulduğunu və bu istiqamətlərdə müvafiq dövlət qurumları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

MFP-nin həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərliyin Ombudsmana tövsiyə edildiyi, Müvəkkil tərəfindən ölkənin hər bir şəhər və rayonunda, o cümlədən Bakı şəhərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyi, bu dinləmələrdə hüquq bərabərliyi və ayrı-seçkiliklə mübarizə mövzusuna xüsusi diqqət yetirildiyi  bildirilmişdir.

Konfrans zamanı söz alan F.Ağayev Ombudsmanın Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi uşaq hüquqlarının pilləli tədrisi layihəsi çərçivəsində uşaq hüquqlarının tədrisi ilə bağlı müəllimlər və şagirdlər üçün iki metodik dərs vəsaitinin hazırlandığını və həmin vəsaitlərdə ayrı-seçkiliyə məruz qalmamaq hüququnun əsas insan hüquqlarından biri olduğunu diqqətə çatdırmışdır.

Çıxışda həmçinin ilkin olaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, sonra isə digər fakültələr əhatə olunmaqla “İnsan hüquqları” fənninin tədrisinə başlanıldığı, bundan əlavə Ombudsmanın təklifi ilə bir neçə ildir ki, BDU-da “Genderə giriş” fənninin tədris olunduğu və bu fənn üzrə dərs vəsaiti - mühazirələr toplusunun hazırlanaraq nəşr etdirildiyi barədə məlumat verilmiş, həmin fənlərin tədrisi prosesində və bu sahədə tədris vəsaitlərinin hazırlanması zamanı hüquq bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi məsələsinin təbliğinə xüsusi önəm verildiyi qeyd olunmuşdur.

Konfrans zamanı söz alan Z. Vəliməmmədli bir çox ölkədə olduğu kimi Azərbaycan Ombudsman İnstitutunun eyni zamanda BMT nəzdində Milli İnsan Hüquqları İnstitutu kimi tanındığını və ayrı-seçkiliklə mübarizədə milli yanaşmalarla yanaşı eyni zamanda beynəlxalq təcrübədən də səmərəli istifadə etdiyini bildirmişdir. O, BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində həyata keçirilməsində mühim rolu olan Azərbaycanın Ombudsmanının sözü gedən məqsədlərdən gender bərabərliyinin təmin olunması ilə əlaqədar 5-ci məqsədin, ölkələrarası və ölkədaxili qeyri bərabərlyin azaldılması ilə əlaqədar 10-cu məqsədin icrası istiqamətində əhəmiyyətli işlər gördüyünü xüsusilə qeyd etmişdir. 

Belə ki, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti olan Azərbaycan Ombudsmanının təşəbbüsü ilə sözü gedən qurumun bu ilin oktyabr ayında Bakı şəhərində keçirilən Direktorlar Şurasının iclasında müzakirə olunan məsələlərdən birinin də ölkələrarası və ölkədaxili qeyri-bərabərliyin aradan qaldırılması ilə əlaqədar olduğunu, Azərbaycan Ombudsmanının gender bərabərliyi və qadın hüquqlarının təmini sahəsində gördüyü işlərin üzvü olduğumuz Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 62-ci sessiyasına təqdim etdiyi hesabatda müsbət təcrübə kimi yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Tədbirdə nümayəndə heyətinin üzvləri Ombudsmanın beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı, Avropa Şurasının “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında”, “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Konvensiyalarının ratifikasiya olunması ilə bağlı Ombudsmanın təkliflər verdiyi barədə məlumat vermişlər. 

Konfransda çıxış edən nümayəndələr və digər ekspertlər Azərbaycanda insanların ayrı-seçkiliyə məruz qalmaması ilə bağlı həyata keçirilən islahatları və Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatları maraqla dinləyib müsbət qiymətləndirmişlər.