Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı ENOC-un 22-ci İllik Konfransında və Baş Assambleyasında iştirak edib

25-09-2018 194 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı ENOC-un 22-ci İllik Konfransında və Baş Assambleyasında  iştirak edib

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Protokol sektorunun müdiri Gülnar Rəhimova Fransanın paytaxtı Paris şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsi (ENOC) və Fransanın Uşaq Hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunan ENOC-un 22-ci İllik Konfransında və Baş Assambleyasında iştirak edib. Həmin tədbirə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü, eyni zamanda ENOC-un Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) layihəsinin ölkə iştirakçısı, Bakıdakı 257 saylı tam orta məktəbin şagirdi Ayxan İsmayılzadə qatılıb.

“Uşaqların hüquqları və rifahı, mental sağlamlığın təşviqi” mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv olan müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsman institutları və milli insan hüquqları təsisatları, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların uşaq hüquqları, təhsil üzrə yüksək vəzifəli şəxsləri və ekspertlər iştirak ediblər.

G.Rəhimova tədbirdə Azərbaycan Ombudsmanı Elmira Süleymanova tərəfindən uşaqların hüquqları sahəsində maariflənməsi və iştiraklarının təmin edilməsi, mütəmadi hər il keçirilən Pilləli tədris proqramı, habelə adı çəkilən layihə çərçivəsində mental sağlamlığa dair ölkəmizdə həyata keçirilən fəaliyyət və tədbirlər, ölkə üzrə ENYA layihəsi iştirakçılarının Ombudsmanla birgə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində, habelə Bakı Autizm İdman və Yaşam Klubunda, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində uşaqlarla, müəllimlərlə, psixoloqlarla keçirdikləri görüşlər, həmin müəssisələrdə yaradılan reabilitasiya və bərpa şəraiti, habelə Azərbaycan uşaqlarının sağlamlıq hüququna, o cümlədən mental sağlamlığına dair fikir və təklifləri barədə ətraflı məlumat verib.

Uşaqların iştirakının təmin edilməsi sahəsində digər müsbət təcrübə kimi Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdindəki Liderlik məktəbinin fəaliyyəti, Müvəkkilin dəstəyi ilə onlar tərəfindən cəmiyyətin həssas qrupları – fiziki qüsurlu, şəkərli diabet xəstəliyindən, daun sindromundan, talassemiyadan əziyyət çəkən, ürək qüsurlu, qaçqın və məcburi köçkün, yoxsul ailələrdən olan, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan uşaqlarla, həmçinin ahıllarla işin təşkili, həmin məktəbin uşaqlara verdiyi bərabər imkanlar barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. 

Tədbirdə konfransın mövzusu və uşaq hüquqlarına dair qruplarda müzakirələr keçirilib, səmərəli fikir və təcrübə mübadiləsi aparılıb. G.Rəhimova tədbirin mövzusu ətrafında çıxış edərək, artıq 25 ildən çox müddətdə ölkəmizdə mövcud olan müharibə şəraitində yaşayan uşaqların mental sağlamlığına müharibənin təsiri barəsində danışıb.

Konfransın bir hissəsi uşaqlar tərəfindən keçirilib, burada ENOC-a üzv seçilmiş yalnız 10 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının 2018-ci il üzrə iştirak etdiyi ENYA-nın “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihənin öz ölkələrində icrası, bu ilin iyun ayında Barselona forumunun nəticələri ilə bağlı görülən işlər barədə danışıb və həmin mövzu üzrə təklifləri işıqlandırıblar. Assambleya iştirakçıları və uşaqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, hər iki tərəfdən verilən suallar ətraflı cavablandırılıb. 

Azərbaycanı təmsil edən Liderlik məktəbinin üzvü Ayxan İsmayılzadə tədbirin fəal iştirakçılarından biri olaraq, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəaliyyəti, şəbəkə üzvlərinin iştirakı ilə keçirilən müxtəlif maarifləndirici və yaradıcı tədbirlər, o cümlədən ölkəmizdə adı çəkilən layihə çərçivəsində mental sağlamlığa dair həmyaşıdları ilə birgə həyata keçirilən işlər barədə ingilis dilində ətraflı məlumat verib.

Konfrans çərçivəsində uşaq hüquqlarına dair Bəyannamə qəbul edilib, növbəti il üçün ENOC-un Büro üzvləri seçilib, 2018-2019-ci illər üçün ENOC-un fəaliyyət istiqamətləri müzakirə olunub.

Tədbirin sonunda ENYA layihəsinin ölkə üzrə uşaq təmsilçiləri üçün mətbuat konfransı təşkil edilib, ölkələrində uşaq hüquqlarına dair vəziyyət barədə məlumat verilib. Liderlik məktəbinin üzvü A.İsmayılzadə təşkil olunan mətbuat konfransında fəal iştirak edərək, ölkəmizdə mental sağlamlığa dair mövcud vəziyyət və aparılan səmərəli işlərə dair məlumatları Fransa mediasının diqqətinə çatdırıb.