Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə Azərbaycan Ombudsman Aparatının rəhbəri iştirak edib

17-09-2018 198 dəfə oxunub
Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə Azərbaycan Ombudsman Aparatının rəhbəri iştirak edib

2018-ci il 10-21 sentyabr tarixlərində Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşü keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı 10-12 sentyabr tarixlərində həmin tədbirdə iştirak edib.

Gündəliyə əsasən İllik görüşdə demokratik institutlar, informasiya və media azadlığı, demokratik seçkilər, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, işgəncələrin qarşısının alınması, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin 1-ci, 3-cü və 5-ci işçi iclaslarında müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib. O, demokratik institutlar və seçkilər mövzusuna həsr olunmuş 1-ci sessiyada etdiyi çıxışında cari ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası istiqamətində məsul dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini, insan hüquqlarının daha səmərəli müdafiəsi üzrə işlərin görüldüyünü, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilərək birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Çıxışda həmçinin ölkəmizdə bu il keçirilmiş Prezident seçkiləri ərəfəsində MSK, Daxili İşlər Nazirliyi və Ombudsmanın iştirakı ilə paytaxda və regionlarda dairə seçki komissiyaları sədrlərinin, şəhər və rayonların polis idarə və şöbələri əməkdaşlarının cəlb olunması ilə geniş maarifləndirmə tədbirlərinin həyata keçirildiyi, həmin tədbirlərə beynəlxalq müşahidəçilərin və QHT nümayəndələrinin qatıldığı, bu tədbirlər çərçivəsində bir sıra dairə seçki komissiyalarının və seçki məntəqələrinin binalarına, iclas zallarına, seçkiqabağı təşviqatın aparılması zamanı kütləvi tədbirlərin, toplantıların keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərə baxışların keçirildiyi, müşahidələrin nəticələrinə görə, yerlərdə seçkiyə hazırlığın yüksək səviyyədə təşkili, habelə prezidentliyə namizədlər üçün bərabər imkanların yaradıldığının müəyyən edildiyi bildirilib.

Eyni zamanda seçki günü İnsan Hüquqları üzrə Müvəkkilin və Ombudsman Aparatının 38 əməkdaşının müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində səsvermə prosesini müşahidə etdiyi, müşahidələriin nəticəsi olaraq seçkinin seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada keçirildiyi, vətəndaşların seçki hüquqlarının təmin olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

A.Səfixanlı Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladığını, sərəncamın indiyə qədər imzalanan əfv sərəncamları içərisində daha çox məhkumu əhatə etdiyini, ümumilikdə 634 nəfərə şamil olunduğunu, onlardan 39 nəfərinin xarici vətəndaş olduğunu, sərəncamın bir daha Azərbaycan dövlətinin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini diqqətə çatdırıb. Çıxışda həmçinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Ombudsman tərəfindən 20-21 iyun 2018-ci il tarixlərdə “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının keçirildiyi, tədbirdə əhalinin müxtəlif sosial qruplarının  hüquq bərabərliyinin təmini, ayrı-seçkiliklə mübarizə üzrə sahəsində görülən işlər, müsbət təcrübələr haqqında müzakirələrin aparıldığı qeyd olunub. 

Aparatın rəhbəri həmçinin Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi bəzi müsbət təcrübələri tədbir iştirakçıları ilə bölüşüb. O, tədbirin media azadlığı mövzusuna həsr olunmuş 3-cü sessiyasında çıxış edərək “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş informasiya əldə etmək hüququnun, media azadlığının daha səmərəli təmini və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları, media qurumları ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. 

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmasının, innovativ həllərin tətbiqinin dövlət siyasətinin prioritetlərindən biri olduğu və bu sahədə davamlı inkişaf üçün Azərbaycanda mühüm tədbirlərin görüldüyü, ölkə üzrə internet şəbəkəsinin qurulmasının, açıq hökumətin təşviqinin internet istifadəçisinin sayının artmasına səbəb olduğu, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığının təmin edildiyi vurğulanıb. “İnformasiya əldə etmək haqqında” Qanunun icrası ilə bağlı Ombudsmanın həyata keçirdiyi fəaliyyət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

A.Səfixanlı həmçinin tədbirin 5-ci sessiyasında çıxış edərək 10 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam haqqında geniş məlumat verib. Bildirilib ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirilir, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması sahəsində dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilmiş, onların imtiyazları genişləndirilmiş, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmişdir.

Həmin Sərəncamın məqsədinin ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi olduğu nəzərə çatdırılıb.

A.Səfixanlı habelə işgəncələrə qarşı milli preventiv mexanizm qismində Ombudsmanın həyata keçirdiyi fəaliyyət haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Onun hər üç sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yayımlanıb.