Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

14-11-2018 172 dəfə oxunub
Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik, ölkəmizdə ilk və yeganə qadın qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində 2001-ci ildən səmərəli fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib. 

Yeri gəlmişkən, vaxtilə professor Elmira Süleymanova tərəfindən yaradılmış, hazırda İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzi kimi tanınan, öz əməli fəaliyyəti ilə xeyirxah bir işə xidmət etməklə ahılların doğma ocağına çevrilən bu Mərkəz onların fiziki və mənəvi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda ahıl vətəndaşların istirahətinin, asudə vaxtının mənalı keçirildiyi, mütəmadi fəaliyyət göstərən, ölkəmizdə analoqu olmayan yeganə məkandır.

Ahılların Resurs Mərkəzi üzvlərinin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların qatıldığı həmin tədbirdə iştirak edən Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov iştirakçıları Müvəkkil Elmira Süleymanovanın adından salamlayıb və onun əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.  

Ombudsmanın nümayəndəsi öz çıxışında Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti, habelə onun inkişaf tarixi barədə ətraflı məlumat verib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu, bu ali hüquqi qüvvəyə malik olan sənəddə dövlət quruculuğu tarixində ilk dəfə olaraq insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğunu söyləyib. Bu baxımdan məhkəmədənkənar hüquq müdafiə mexanizmi və müstəqil milli insan hüquqları institutu olan Ombudsman təsisatının fəaliyyətinin də məhz Konstitusiya Qanunu ilə tənzimləndiyini qeyd etməklə, bunun həm də dövlətimizin insan hüquqlarına ali dəyər kimi önəm verməsinin bariz təzahürü olduğunu bildirib. 

Müvəkkil Aparatının əməkdaşı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə köklü islahatların aparıldığını, müxtəlif sahələri əhatə edən əhəmiyyətli strategiyaların, konsepsiyaların, dövlət proqramlarının, o cümlədən milli fəaliyyət plan və proqramlarının təsdiq edildiyini, bütün bunların  isə hər kəsin iqtisadi, sosial, mədəni və digər hüquqlarının səmərəli təmini baxımından əhəmiyyətli olduğunu, ötən dövr ərzində ölkəmizdə aparılan Konstitusiya islahatlarının da məhz insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət etdiyini vurğulayıb. 

Konstitusiyanın bir dinamik sənəd kimi zamanın xüsusiyyətlərinə və tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirildiyi, 24 avqust 2002-ci ildə birinci, 18 mart 2009-cu ildə ikinci və 26 sentyabr 2016-cı ildə üçüncü dəfə referendum yolu ilə ona bir sıra əlavə və dəyişiliklərin edildiyi diqqətə çatdırılıb. 

Azərbaycanda demokratik tərzdə keçirilmiş son referendum nəticəsində ölkə Konstitusiyasının 23 maddəsinə əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin əlavə olunmasının mahiyyət etibarı ilə təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər bu kimi vacib məsələlərin tənzimlənməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub. 

İştirakçılar belə bir maraqlı tədbirin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.