Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkil Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbərini qəbul etdi

28-09-2018 208 dəfə oxunub
Müvəkkil Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Fatoş Hande Harmancını onun xahişi ilə qəbul etdi. 

Tanışlıq məqsədi daşıyan görüşdə qonağı salamlayan Müvəkkil bu sahənin insan hüquqları üçün vacib istiqamətlərdən biri kimi, gələcək əməkdaşlıqda maraqlı olduğunu və əsas prioritet istiqamələrinin müəyyən edilməsi üçün bu görüşün zəruriliyini qeyd edib. O, uzun illər ərzində, BMT və onun saziş qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı, Əhali Fondu, UNİCEF kimi təşkilatlar ilə sağlamlıq hüquqları, səhiyyə sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurduğunu və uğurla davam etdirildiyini diqqətə çatdırıb. 

ÜST ölkə ofisinin rəhbəri Azərbaycan Respublikası hökuməti ilə iki illik müddətli ikitərəfli sazişin imzalandığını və cari ildə bu saziş çərçivəsində əməkdaşlıq ediləcək qurumları müəyyən etdiklərini, həmin qurumlar sırasında Ombudsman təsisatı ilə əməkdaşlığın zəruriliyini vurğulayıb. O, sağlamlıqla bağlı səhiyyə müəssisələri ilə yanaşı digər qurumlarla əməkdaşlığın qurulmasını bildirib, adı çəkilən proqramın mühüm istiqamətlərindən söz açaraq, eyni zamanda sağlamlıq sisteminin gücləndirilməsi, əhalinin tibbi sığorta xidmətləri, uşaq və anaların sağlamlığı, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, habelə ürək-damar, onkoloji xəstəliklər ətrafında fəaliyyət göstərdiyi barədə ətraflı danışıb.

Müvəkkil ölkəmizdə ana və körpələrin sağlamlıq hüquqlarının müdafiəsinin, ailənin möhkəmləndirilməsinin milli prioritetlərdən olduğunu söyləyib. O, ana və uşaq hüquqlarının müdafiəsinə Ombudsmanın fəaliyyətində daim diqqət yetirildiyini, bu sahədə səmərəli işlər görüldüyünü bildirib. Müvəkkil insanın fəal vətəndaş kimi, dövlətə, ailəyə faydalı olmasının onun sağlamlığı ilə sıx bağlı olduğunu vurğulayıb. Dünyaya övlad gətirən ananın sağlamlığının mühüm əhəmiyyət daşıdığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının vəhdət təşkil etdiyi diqqətə çatdırılıb. 

Ombudsman ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, erkən nikahlar, təhlükəsiz analığın təmin edilməsi, uşaqların ana südü ilə qidalanması, sağlam, istənilən sayda və ara verməklə arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında ölüm hallarının azaldılmasının, mama-ginekoloji xidməti göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin, habelə ahıl qadınların problemlərinə dair işlərin davam etdirilməsi zəruriliyini vurğuladı. O, ölkəmizdə vətəndaşların sağlamlıq hüququnun da daha səmərəli təmini sahəsində tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Müvəkkil eyni zamanda bu sahədə qanunvericiliyin təkmilləşdirildiyini, habelə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanununda uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məsələsinin öz əksini tapdığını söylədi.

E.Süleymanova vaxtilə yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin respublikamızın müxtəlif bölgələrində əhalinin reproduktiv sağlamlığı ilə bağlı layihələrin Səhiyyə Nazirliyi nəzdində Ailə Planlaşması Mərkəzinin dəstəyi ilə müntəzəm olaraq həyata keçirdiyini, “Ailə planlanmasında ictimai xidmətin təşkili üzrə vəsait”in hazırladığını və 2015-ci ildə yenidən çap olunduğunu, tibb müəssisələrinə və əhaliyə mütəmadi paylandığını  diqqətə çatdırıb.

Ombudsman görüşdə səmərəli təkliflər irəli sürüb. Belə ki, reproduktiv sağlamlıq strategiyasının inkişaf etdirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda silsilə maarifləndirmə tədbirlərinin regionlarda, qaçqın və məcburi köçkün icmalarında davamlı olaraq keçirilməsi, geniş əhali kütlələrinə ətraflı bilgilər verilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işinin daha da genişləndirilməsi, seminarlar və treninqlər təşkil edilməsi, hüquqi nəşrlər, çap məmulatları hazırlanaraq ölkə ərazisində yayılması, şəbəkə şəklində birgə fəaliyyət göstərərək icma səviyyəsində müntəzəm iş aparılması, gənc ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması, İİV/QİÇS, cinsi yolla yoluxan xəstəliklərə, narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsi, hamilə qadınlar, analar və körpələr üçün pulsuz tibbi xidmətlərin və  məsləhətlərin təşkili, problemləri müzakirə edərək müvafiq qanunlara əlavə və dəyişikliklərin müvafiq dövlət qurumlarına göndərilməsi, habelə anaların qadın hüquqları, onlara qarşı zokarılığın yolverilməzliyi, erkən nikahlar və bir sıra mühüm məsələlər ətrafında birgə kompleks proqramlar hazırlanması və tətbiqi, Ombudsmanın mövcud olan həm Uşaq və Ahıllar üçün resurs, həm də regional mərkəzlərinin potensialından səmərəli istifadə edərək Bakı şəhərində və regionlarda ÜST ilə əhalinin bütün qrupları üçün birgə silsilə tədbirlər keçirmək və digər təkliflər bu qəbildəndir.

Qonaq Ombudsmanın insan hüquqları, o cümlədən sağlamlıq hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, faydalı məlumat və təkliflərə görə təşəkkürünü bildirib və gələcəkdə ÜST ilə səmərəli əməkdaşlığın baş tutacağına əmin olduğunu qeyd edib.