Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak etmişdir

14-08-2018 10354 dəfə oxunub
Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak etmişdir

Azərbaycan Ombudsmanı Elmira Süleymanova BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak etmişdir. 

Milli siyasət və insan hüquqları, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar, inkişafın insan hüquqlarının həyata keçirilməsinə töhfəsi, gender perspektivi və əlilliyi olan şəxslərin hüquqlarının, qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini Sessiyanın proqramı üzrə əsas müzakirə mövzularından olmuşdur.

İnsan hüquqları sahəsində prioritet mövzular üzrə keçirilən iclaslara BMT qurumlarının rəsmi şəxsləri, İHŞ-nın Məsləhət Komitəsinin, Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri, QHT və beynəlxalq ekspertlər qatılmışlar.

Sessiyalar çərçivəsində Azərbaycan Ombudsmanı çıxışlar etmiş, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar mövzusu çərçivəsində məruzəsində, sənədin ayrı-seçkiliyin yolverilməzliyi, bərabərlik, irqi ayrı-seçkilik, yersiz düşmənçilik və dövlətlərə qarşı dözümsüzlüklə, habelə yerli xalqlar, miqrantlar və qaçqınlara qarşı ayrı-seçkiliklə mübarizə kimi prinsiplərinin hələ lazımınca səmərəli tətbiq olunmadığı, eləcə də BMT səviyyəsində bu istiqamətdə çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq dünyada miqrantlar və qaçqınlarla yanaşı, irqinə görə təqiblərə və təzyiqlərə məruz qalan çoxsaylı insanların olduğunu diqqətə çatdırmışdır.

E. Süleymanova çıxışında etnik təmizləmə siyasətindən ölkəmizin əziyyət çəkdiyini vurğulamış, 20 faizdən artıq torpaqlarımızın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşan bir milyondan çox soydaşımızın hüquqları və onların təmin olunması məsələsini, qaçqın və məcburi köçkün probleminin ölkəmiz üçün prioritet olduğunu qeyd etmiş, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının prinsiplərinin həyata keçirilməsi ilə bağlı təkliflərini vermişdir.

Azərbaycan Ombudsmanı çıxışında multikultural dəyərlər əsasında sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun təşkilində Azərbaycan təcrübəsi olan Bakı Prosesi”nin əhəmiyyətini vurğulamışdır. 

Ombudsman müasir inkişaf mərhələsində insan hüquqlarının təmin olunması sahəsində də yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurduğu, nəticədə yeni islahatların zəruriliyini gündəmə gəldiyi vurğulanmışdır.

O, yeni çağırışların və cəmiyyətin inkişafından irəli gələn tələbatların nəzərə alınması və insan hüquqlarının təmini baxımından, Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və onun məntiqi davamı olan, İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının əhəmiyyətini qeyd etmiş, bu sənədlərin hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, milli azlıqların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi, habelə ayrı-seçkiliyinin qarşısının alınması, gender bərabərliyinin təmini istiqamətində yeni mərhələ olduğunu bildirmişdir.

Sessiyalar çərçivəsində QHT-lə bağlı keçirilən iclaslarda əməkdaşlıq və vətəndaş cəmiyyəti üzvlərinin iştirakçılığı məsələləri müzakirə olunmuş, məruzələr dinlənilmiş, iştirakçılar mövzu üzrə təcrübələrini bölüşmüş, habelə yeni hədəflər üzrə fikir mübadilələri aparılmışdır. Azərbaycan Ombudsmanı çıxışında ölkə təcrübəsində QHT-lərlə bağlı milli qanunvericilikdə həyata keçirilən islahatlar, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbul olunması və bu əsasda həmin sektorun inkişafı üçün institusional və hüquqi yanaşmalar əsasında dövlət dəstəyinin prinsip və formalarının tətbiqi ilə bağlı fikirlərini bölüşmüşdür. 

Qeyd olunmalıdır ki, fəaliyyəti dövrü ərzində insan huquqları sahəsində ölkə təcrübəsində ilk dəfə olaraq Ombudsman yanında müstəqil Ekspertlər Şurası yaratmış, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lər ilə səmərəli əməkdaşlıq etməkdədir.

Səfər çərçivəsində Ombudsman BMT qurumlarının nümayəndələri, beynəlxalq ekspertlərlə görüşlər keçirmiş, əməkdaşlıq üzrə müzakirələr aparmışdır.

Səfər insan hüquqlarının effektiv təmini və yeni fəaliyyət istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq baxımından səmərəli olmuşdur.