Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Rusiya Federasiyasının Tatarstan Respublikasına rəsmi səfər etmişdir

02-10-2018 189 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Rusiya Federasiyasının Tatarstan Respublikasına rəsmi səfər etmişdir

Əhalinin bütün qruplarının insan hüquqlarının təmini Azərbaycan dövləti üçün prioritet məsələlərdəndir. Hazırda bununla bağlı davam edən məqsədyönlü işlər nəticəsində ölkəmizdə yaşayan hər bir kəsə şamil olunan bərabərlik, azadlıq və digər prinsiplər əsasında miqrantların hüquqların səmərəli təmin edilməsi sahəsində qanunvericilik bazası yaradılmış, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa da miqrantların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq norma əlavə olunmuşdur. 

Ölkə Ombudsmanı fəaliyyətə başladığı ilk günlərdən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə böyük önəm verir. Belə ki, Ombudsman təsisatı bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması sahəsində qabaqcıl təcrübələr tətbiq edilməklə xarici Ombudsmanlarla birgə məqsədyönlü işlər görür, nəticədə təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri inkişaf etdirilir. 

Bu günələrdə Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Rusiya Federasiyasının Tatarstan Respublikasında keçirilən bir sıra tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə ezam edilmişdir.

Səfər çərçivəsində Müvəkkilin nümayəndəsi 27-28 sentyabr tarixlərində Kazan Federal Universitetində “Bəynəlxalq hüquq və müasir dövrün çağırışları” adlı beynəlxalq elmi-praktiki konfransda  iştirak etmişdir. O, tədbirdə çıxış edərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin sentyabr ayının əvvəllərində Soçi şəhərində baş tutmuş görüşünün nəticələrindən danışaraq, ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişafı məqsədilə imzalanmış 16 sənədin təhsil, mədəniyyət, elm və bir çox digər sahələrdə əməkdaşlığın inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına əlverişli zəmin yaratdığını qeyd etmişdir. Bundan başqa, Azərbaycanda iki nüfuzlu ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filiallarının fəaliyyət göstərdiyi, ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 340 çox orta məktəbdə tədrisin həm də rus dilində aparıldığını, ali məktəblərdə isə 20 mindən artıq tələbənin rus dilində təhsil aldığı, habelə 2015-ci ildə təsis edilmiş Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti çərçivəsində yüksək peşəkar kadrların hazırlanmasına dair birgə proqramların səmərəli icra edildiyi, elmi və tələbə mübadilələrinin genişləndiyi bildirilmişdir. 

T.Cahangirova Azərbaycan-Rusiya Regionlararası Forumlarının əhəmiyyətini vurğulayaraq, Bakıda keçirilən IX  forumun işgüzar dairələr arasında birbaşa faydalı qarşılıqlı əlaqələrin qurulması üçün əlverişli platforma olduğunu, həmin forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclaslarında müasir çağırışlara əsaslanan əməkdaşlığa dair Sazişin imzalandığını qeyd etmişdir.

Sözügedən tədbirdə həmin ölkənin rəhbərliyi, digər dövlət orqanlarının əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə hakimi Lətif Hüseynov və Bakı Dövlət Universitetinin dosenti Turqay Hüseynov da məruzələrlə çıxış etmişlər. 

Səfər çərçivəsində Ombudsmanın nümayəndəsi, həmçinin Tatarstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında Ekspertlər Şurasının iclasında təqdimatla çıxış edərək, ölkə başçısının  rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin yaradıldığını bildirmişdir. O, miqrasiya sahəsində aparılan işlər, ölkə təcrübəsinin xüsusiyyətləri, o cümlədən respublikaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmaları və onların ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin olunması üçün müvafiq icazələrin verilməsi prosedurları barədə məlumat vermişdir.

T.Cahangirova təsisatın miqrantların hüquqlarının təmini və təbliği üzrə fəaliyyət istiqamətləri, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, beynəlxalq təşkilatlarla və xarici Ombudsmanlarla əməkdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki, ölkəmiz bu problemlə ciddi şəkildə hələ 80-ci illərin sonunda - keçmiş Sovet İttifaqının dağılması ərəfəsində üzləşmiş, 250 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. Mənfur qonşularımızın işğalçı siyasəti nəticəsində 20%-dən artıq torpaqlarımız işğal edilmiş, ümumilikdə 1 milyon 200 mindən artıq soydaşımız əsrlərlə yaşadıqları torpaqlarından, doğma ocaqlarından qəfil hərbi hücumlar nəticəsində didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişlər. Belə ki, bəyan olunmamış və artıq 30 ilə yaxındır ki, davam edən erməni təcavüzü nəticəsində onların demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları pozulmuş və hələ də pozulmaqda davam etdirilir.

Sektor müdirinin təqdimatında qeyd olunan məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Bundan başqa, səfər zamanı Müvəkkilin nümayəndəsi Tatarstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının əməkdaşları ilə birgə Naberejnı Çelnı və Kazan şəhərlərində yaşayan azərbaycanlıların Milli-Mədəni Muxtariyyətlərinin üzvləri, diasporamızın digər fəalları ilə təşkil edilmiş rəsmi görüşlərdə iştirak etmiş və Azərbaycan mədəniyyətinin, adət və ənənəsinin qorunub saxlanması və təbliği, o cümlədən birgə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.