Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul etmişdir

02-10-2018 215 dəfə oxunub
Ombudsman BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərin hüquqlarının təmini və təşviqi, bu sahədə qanunvericiliyin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə yönəlmiş təkliflərin hazırlanması istiqamətində çoxşaxəli tədbirlər davam etdirilir. Bu sahədə dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq edilərək bir sıra mühüm işlər görülməkdədir.

Ötən illər ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın) Azərbaycandakı Nümayəndəliyi arasında yaradılmış qarşılıqlı səmərəli əməkdaşlıq çərçivəsində bu şəxslərin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialların gücləndirilməsi, eləcə də, sığınacaq sisteminin Avropa standartlarına uyğun inkişaf etdirilməsi, vətəndaşsızlıq hallarının qarşısının alınması və digər sahələrdə müntəzəm paytaxt və regionlarda əhatəli maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində ölkəmizdə məcburi köçkünlər üçün salınmış qəsəbə və orta məktəblərdə son iki il ərzində ümumilikdə 10 mindən artıq məcburi köçkün cəlb edilməklə, xüsusilə də uşaq və qadınların hüquqlarının etibarlı müdafiəsi məqsədilə bir sıra layihələr icra edilmiş, silsilə təlimlər keçirilmişdir.

Bununla yanaşı, 2013-cü ildən həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsinin icrası zamanı Ombudsmanın Regional Mərkəzləri də cəlb edilməklə respublikanın müxtəlif bölgələrində birgə tədbirlər təşkil edilmişdir.

Ombudsman Elmira Süleymanova BMT QAK-ın Azərbaycandakı yeni nümayəndəsi Quido Ambrosonu onun xahişi ilə qəbul etmişdir. 

Görüşdə Ombudsmanla BMT QAK arasında mövcud əməkdaşlığın nəticələri təhlil edilmiş, gələcək fəaliyyət perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Müvəkkil məcburi köçkünlərin pozulmuş hüquqlarının müdafiəsinin ölkədə bir nömrəli, prioritet problem olduğunu, bu insanların bütün qayğılarının dövlətin gündəlik qayğısına çevrildiyini söyləmiş, bu gün respublika əhalisinin hər 8 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olduğunu, həmçinin Azərbaycan Hökuməti tərəfindən əhalinin bu həssas təbəqəsinə göstərilən nümunəvi dövlət qayğısına, son illər onların sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mərhələli qaydada həm hüquqi, həm də sosial-iqtisadi sahədə səmərəli işlərin görülməsinə və görülməkdə davam etməsinə, məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün müasir tələblərə cavab verən 98 yeni salınmış qəsəbələrə köçürülmələrinə baxmayaraq, onların hələ də bir çox çətinliklərlə üzləşdiklərini və bu insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinin problem olaraq qaldığını bildirmişdir.  

O, həmin qəsəbələrlə yanaşı sərhədyanı rayonlara da tez-tez səfərlər edildiyini, yerlərdə görüşlər keçirildiyini, aşkar edilmiş probemlərin həlli üzrə müvafiq tədbirlər görüldüyü, eyni zamanda  sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan müvafiq dövlət qurumlarının əməkdaşları üçün müntəzəm təlimlər təşkil olunduğunu, həmçinin hüquq bərabərliyinin təmini və təşviqi məqsədilə həssas əhali qruplarından olan qaçqın, məcburi köçkün, miqrant, uşaq, qadın və əlilliyi olan şəxslər arasında daim maarifləndirmə işinin aparıldığını, bu istiqamətdə birgə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla yanaşı vətəndaş cəmiyyətinin cəlb edilməsinin vacibliyini vurğulamışdır. 

Q.Ambroso Azərbaycanda son dövrdə qaçqın, məcburi köçkün, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin hüquq və azadlıqlarının təmini, vətəndaşsızlıq hallarının azaldılması sahəsində keçirilən tədbirlərlə bağlı səmərəli nəticə əldə olunduğunu bildirmişdir. 

Görüşdə hökümətlərarası müqavilə olan BMT-nin “Qaçqınlara dair Qlobal Kompakt” sənədinin qəbulunun beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhvə verəcəyi qeyd edilmiş, bununla bağlı tədbirlərin davamlılığının təmin edilməsi, həmçinin BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsiplərinin qəbul olunmasının 20 illiyi münasibəti ilə hazırlanmış 2018-2020-ci illər üzrə Fəaliyyət Planının implementasiyası və əlaqələndirilməsi  üzrə birgə fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Qonaq İnsan Hüquqları üzrə Müvəkkilə səmərəli təkliflər üçün minnətdarlığını bildirmiş, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyini söyləmişdir.        

Görüş çərçivəsində imzalanması nəzərdə tutulan yeni ikitərəfli sazişin müddəaları müzakirə edilmişdir.