Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının məsul nümayəndələrini qəbul edib

04-07-2018 184 dəfə oxunub
Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının məsul nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Vyanadakı Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyanı əhatə edən Regional ofisinin 20 ölkə üzrə əlaqələndirmə və siyasət məsələləri üzrə Baş mütəxəssisi, “Qlobal Kompakt” sənədi üzrə məsul şəxs cənab Amr İbrahim Taha və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprakı onların xahişi ilə qəbul edib.

Görüşün məqsədi BMqT və Ombudsman təsisatı arasında miqrasiya, miqrantların hüquqlarının təmin olunması məsələlərinə dair bu günədək həyata keçirilən səmərəli əməkdaşlığın davam etdirilməsi üzrə fikir mübadiləsi olub. 

Müvəkkil qonaqları salamlayaraq, bu il mühüm tarixi hadisələrlə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə zəngin olduğunu bildirib.

O, insan hüquqları sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyəti çərçivəsində əhalinin bütün qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların, ahılların, uşaq və qadınların, əlilliyi olan şəxslərin və digər kateqoriyaların hüquqlarının da müdafiəsinin əhatə etdiyi barədə qonaqlara ətraflı məlumat verib.

Ombudsman son dövrdə dünyada miqrantlarının sayının kəskin surətdə artdığını, bu səbəbdən onların hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq normalara uyğun həm qanunvericilik, həm də yeni normaların qəbul edilməsi və bununla bağlı yeni icra strukturlarının yaradılmasının və onların fəaliyyətinə ciddi nəzarət olmasının vacibliyini, bunun da hər bir dövlətdən insanpərvər və humanist yanaşma tələb etdiyini söyləyib.

Müvəkkil həm ölkə daxilində olan miqrantlarla, həm də ölkədən gedən və xarici ölkələrdə miqrant kimi yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə müntəzəm olaraq iş apardığını, bu istiqamətdə 15 xarici ölkələrin Ombudsmanları ilə ikitərəfli müqavilələr əsasında sıx əməkdaşlıq əlaqələri yaradıldığını, həmçinin bu qəbildən olan insanların vəziyyətinin yaxşılaşdırılması, tənzimlənməyən miqrasiyanın qarşısının alınması və qanuni əsaslarla ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün münbit şəraitin yaradılması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) və digər dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun bütün qurumları ilə, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatı, BMT QAK, YUNİSEF, həmçinin Avropa İttifaqı, qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq etdiyini vurğulayıb. 

O, həmçinin Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-in Bakı və Yevlax şəhərlərində Qanunsuz Miqrantların Saxlanılma mərkəzlərinə mütəmadi baxışların keçirildiyini, orada saxlanılanların vəziyyətinin, onlara qarşı rəftarın araşdırıldığını və lazımi tədbirlər görüldüyünü, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sərhəd-keçid məntəqələrində müntəzəm olaraq birgə izahat və maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, müxtəlif əcnəbi dillərdə hüquqi nəşrlərin hazırlandığını və yayıldığını diqqətə çatdırıb.

Müvəkkil habelə Gəncə, Şəki, Cəlilabad və Qubada regional mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. 

Qonaqlar səmimi qəbul və ətraflı məlumat, miqrantların hüquqlarının səmərəli müdafiəsi üçün göstərdiyi səylərə görə Ombudsmana dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu il üzrə prioritet istiqamətlərini sadalayaraq, miqrantlar və qaçqınlarla yanaşı, məcburi köçkünlərin də onların mandatlarının bir hissəsi olduğunu vurğulayıblar. 

Amr İbrahim Taha “Qlobal Kompakt” sənədi üzrə məsul şəxs olaraq, sözü gedən sənəd üzrə ətraflı məlumat verib.

Qonaqlar ölkəmizin 8 rayonunda hüquqi mərkəzlərin fəaliyyətə başlanmasına dair planları olduğunu və bu işdə Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlığı da təklif ediblər.

Ombudsman qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu diqqətə çatdırıb, bu fəaliyyətlə bağlı təklif və tövsiyələrini verib, öz regional mərkəzlərinin əməkdaşlığının səmərəliliyini bildirib. 

Görüş faydalı fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.