Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə dəyən zərər və onun qlobal fəsadları beynəlxalq konfransda yenidən gündəmə gətirildi

04-06-2018 161 dəfə oxunub
Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə dəyən zərər və onun qlobal fəsadları beynəlxalq konfransda yenidən gündəmə gətirildi

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdirinin müavini Zaur Vəliməmmədli Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. Makedoniya Respublikasının Ombudsman İnstitutunun yaranmasının 20 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda Avropa ölkələrinin Milli İnsan Hüquqları İnstitutları ilə yanaşı Yaxın Şərq və bir sıra Ərəb ölkələrinin İnsan Hüquqları İnstitutlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Sözü gedən konfransda ətraf mühitin insan hüquqlarına təsiri, əhalinin həssas təbəqələrinin hüquqlarının müdafiəsi, sosial və mədəni hüquqların müdafiəsi və digər məsələlər müzakirə olunub. 

Tədbirin gündəliyinə uyğun olaraq Z.Vəliməmmədli  çıxış edərək iştirakçılara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanovanın insan hüquqlarının səmərəli müdafiəsi, onun BMT, Avropa Şurası və digər beynəlxalq qurumlar ilə əməkdaşlığı barəsində geniş məlumat verib. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsini tələb edən BMT-nin məlum 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının qətnamə və tövsiyə qərarlarının hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. 

Bu işğal nəticəsində bir milyondan çox məcburi köçkün və qaçqın soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyünü bildirən Ombudsman Aparatının əməkdaşı eyni zamanda işğal nəticəsində nəzarətsiz qalan ərazilərdə ətraf mühitə ciddi şəkildə zərər vurulduğunu və bunun da öz növbəsində mənfi təsirini bu ərazilərə göstərdiyini vurğulayıb. Belə ki, həmin ərazilərdə yaşayan insanlar uzun illərdir ki, ciddi şəkildə içməli su problemi ilə üzləşməkdədirlər. Bu barədə Ombudsmanın BMT-nin İnsan Hüquqları Şurasına yazılı bəyanat və həmçinin bu qurumun xüsusi reportyorlarına məsələ ilə bağlı narahatlıqları əks etdirən müvafiq məlumatlar göndərildiyi iştirakçıların diqqətinə çatdırılıb.  

Müasir dövrümüzdə ətraf mühitlə bağlı problemlərə lokal səviyyədə deyil, daha çox qlobal səviyyədə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayan Aparatın əməkdaşı dünyanın ən fəal seysmik zonalarından birində fəaliyyət göstərən, Sovet İttifaqı dövründə Ermənistanda istismara verilmiş və bu gün isə istismara qətiyyən yararsız olan “Metsamor” Atom Elektrik Stansiyasının ekoloji baxımdan ətraf ölkələr üçün ciddi bir təhlükə mənbəyi olduğuna diqqət çəkib, bununla bağlı beynəlxalq qurumlar tərəfindən verilən rəyləri iştirakçılar ilə bölüşüb. 

Müvəkkil E.Süleymanovanın bununla bağlı narahatlıqlarını əks etdirən yazılı bəyanatının BMT-nin İnsan hüquqları şurasına təqdim olunduğu da vurğulanıb.