Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirilib

01-06-2018 161 dəfə oxunub
“Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirilib

BMT İnkişaf Proqramının Azərbaycan ofisinin və Avropa İttifaqının dəstəyi ilə “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsinin icrası ilə əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirilib.

BMT-nin İnkişaf Proqramının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin qatıldığı həmin tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Aparatının sektor müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak edib.

Tədbirdə “Dövlət sifarişi ilə göstərilən xidmətlər: mövcud vəziyyət və gələcəyə baxış”, “Azərbaycanda sosial işin müasir standartlar səviyyəsində qurulması perspektivləri: vətəndaş cəmiyyətinin baxışı” mövzularında təqdimatlar olub.

Ombudsman Aparatının əməkdaşı konfransda çıxış edərək fərdlərin, icmaların, qrupların  sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş peşəkar fəaliyyət növü olan sosial işin insan hüquqlarının müdafiəsində mühüm rola malik olduğunu bildirib.

Müvəkkil Elmira Süleymanova tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində yaranan münasibətlərin tənzimlənməsi üzrə xüsusi bir qanunun, eyni zamanda ali məktəblərdə peşəkar sosial işçilərin hazırlanmasının təklif edildiyini, bunun nəticəsi olaraq “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunun qəbul olunduğunu, ölkəmizdə ilk dəfə olaraq həmin qanunda sosial işçi anlayışının öz əksini tapdığını diqqətə çatdırıb.

Ombudsmanın təqdim etdiyi təkliflərin də böyük bir qismi nəzərə alınmaqla ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.8-ci bəndində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanmasının nəzərdə tutulduğu vurğulanıb. 

Son illər ölkəmizdə “sosial iş” ixtisasının inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində həmin ixtisas üzrə kadr hazırlığının aparıldığı və tələbələrə əlilliyi olan şəxslər, ahıllar, uşaq və yeniyetmələr, qaçqın və məcburi köçkünlər, fərdlər, qruplar, icmalar, habelə ailələrlə sosial iş, sosial proqramlar və xidmətlər, sosial iş təcrübəsində etik prinsiplər və s. vacib fənlərin tədris edildiyi bildirilib.   

İnsan hüquqlarının təmin olunması və müdafiəsi ilə yanaşı, müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantların səmərəli elmi-tədqiqat təcrübəsi keçməsinin də Müvəkkilin diqqət yetirdiyi məsələlərdəndən olduğu, buna görə Bakı Dövlət Universitetinin müraciətinə əsasən Sosial elmlər və psixologiya fakültəsində “Sosial iş” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Ombudsman təsisatında istehsalat təcrübəsi keçmələrinə şərait yaradıldığı vurğulanıb. 

Tədbirdə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən aparılan islahatlar, Ombudsmanın bu sahədə fəaliyyəti, o cümlədən  əlilliyi olan insanların hüquqlarının təmini və müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu qəbildən olan şəxslərin hüquqi maarifləndirilməsi, onların cəmiyyət həyatında iştirakına mane olan problemlərin aradan qaldırılması istiqamətində gördüyü işlər və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib.