Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Qadınların V Forumunda çıxış edib

30-05-2018 189 dəfə oxunub
Ombudsman Qadınların V Forumunda çıxış edib

Xəbər verildiyi kimi, Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib. Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, digər dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, respublikanın bütün regionlarından, habelə QHT və KİV-lərdən olan təmsilçilər iştirak edirlər.

Forumun keçirilməsində məqsəd 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının təmini və müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.

İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu diqqətə çatdırıb.

Forumda Azərbaycanda qadın hərəkatına dair film nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir. O, Xalq Cümhuriyyətinin qadınlara verdiyi hüquqlar barədə ətraflı məlumat verib. 

Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində bu gün Xalq Cümhuriyyətinin layiqli varisi kimi müasir müstəqil Azərbaycanda demokratik dövlət quruculuğu daha da inkişaf etdirilirBirinci Vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. 

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, BMT Baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Azərbaycan qadınının 100 il ərzində qazandığı uğurlardan bəhs olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Forum çərçivəsində “Ekologiyada qadınlar və qida təhlükəsizliyi”, “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik”, “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar”, “Qadınlar və İKT: reallıq və perspektivlər” mövzularında panel iclaslar keçirilib. 

Ombudsman Elmira Süleymanova “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik” panel iclasında çıxış edib. O, Forum iştirakçılarını, xarici qonaqları salamlayıb və uğurlar arzulayıb, bu Forumun qadınların fəallığı və onların problemlərinin həlli istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi aparılması baxımından mühüm əhəmiyyət daşıdığını, həm Azərbaycan, həm də beynəlxalq qadın hərəkatının daha da uğurla inkişafı üçün töhfələr verəcəyini bildirib.

Qeyd olunub ki, Forumun mövzusunun qadınlarımızın hüquqlarının taleyüklü məsələləri ilə bağlı olan, Şərqdə ilk müstəqil, demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunması onun tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev Cümhuriyyətin xalqımızın inkişafında rolunu yüksək qiymətləndirmişdir. Onun məqsədyönlü siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev isə Cümhuriyyətin 100 illiyinin  qeyd olunması ilə bağlı, habelə bütövlükdə yaşadığımız 2018-ci ili Xalq Cümhuriyyəti ili bəyan etməklə xüsusi Sərəncamlar imzalamışdır.

Müvəkkil çıxışında söyləyib ki, 1918-ci il mayın 28-də, 100 il əvvəl Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini qəbul edir və müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərini, o cümlədən hakimiyyətin xalqa məxsus olması, insan hüquqlarının təmin olunması, hüquq bərabərliyi, ayrı-seçkiliyin yolverilməzliyini, bütün qadınlara mülki, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq kişilərlə bərabər seçki hüquqlarının verilməsini bəyan etməklə, bununla onların siyasi və ictimai fəallığını, idarəetmədə iştirakını təmin edir. Beləliklə, Cümhuriyyət qadınların belə səlahiyyətlənməsini bir çox ölkələrdən əvvəl verir və hüquq bərabərliyinin əsasını qoyur, bütün xalqların sərbəst inkişafına şərait yaradır. Habelə müstəqil dövlətin fəaliyyətinin prinsiplərini bəyan etməklə yanaşı onun həyata keçirilməsi üçün əsas icra mexanizmlərini, müvafiq qurumları, yəni ilk Parlamenti, polis, prokurorluq, ədliyyə orqanlarını, Milli Ordunu yaradıb.

Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyətinin Parlamenti 1919-cu ildə “Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edir ki, bu da qadınlar üçün elmə və təhsilə geniş yol açdı. Bu günədək yüz minlərlə qadın, o cümlədən E.Süleymanova özü də bu qocaman və flaqman Universiteti bitirmiş, geniş spektrli təhsil və elm sahələrinə yiyələnmişlər. Xalq Cümhuriyyətinin Parlamenti insan hüquqları baxımından xüsusi əhəmiyyət kəsb edən Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edir. Hələ 100 il əvvəl həmin Parlamentin keçirdiyi iclasları və qanunları, xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması həmin dövrdə qadınlar üçün böyük imkanlar yaratmışdır. 

Lakin bəlli səbəblərdən yalnız 23 aylıq ömürlü və işğala məruz qalmış Xalq Cümhuriyyəti həm də hər bir azərbaycanlının qəlbində müstəqillik arzularının toxumlarını səpmişdir. Böyük itkilər verən Azərbaycan xalqı öz qanı hesabına 1991-ci ilin oktyabrın 18-də yenidən müstəqilliyinə qovuşur. Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və özünü Cümhuriyyətin varisi bəyan etdi. 

Ombudsman 15 iyun 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtdığını və xalqın layiqli həyat sürməsinə, müstəqilliyimizin dayanıqlı inkişafına yönəlmiş ardıcıl islahatların özülünü qoyduğunu bildirib. O, müstəqillik dövründə Azərbaycanın 230-dan çox beynəlxalq Konvensiyaları ratifikasiya etdiyini, Parlament tərəfindən yüzlərlə qanunlar, normativ-hüquqi aktlar qəbul olunduğunu və ölkə qanunvericiliyinin həmin Konvensiyalara uyğunlaşdırıldığını vurğulayıb.

Qeyd olunub ki, bu proseslərə qadınlar da qatılır, bunların çoxu insan hüquqları və qadın hüquqları üzrə QHT-lərin fəalları idi. Onların təşəbbüsü ilə 1995-ci il Qadınların IV Ümumdünya Konfransı ərəfəsində Azərbaycan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” (CEDAW) Konvensiyasını ratifikasiya edir, eyni zamanda “Qadınların siyasi hüquqları haqqında” Konvensiyada ratifikasiya olunur. 

Sonra ölkəmizdə geniş vüsət almış qadın hərəkatı, Pekin Konfransı və Pekin Platforması, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk qəbul olunmuş Konstitusiyasının qadınların kişilərlə bərabər hüqu­qunu təsdiq etdiyi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdığı, habelə Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş sənədlərdə olduğu kimi, Konstitusiyamızda da vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun təsbit edildiyi, habelə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisdə xüsusi Komitənin yaradılmasının, qadınların hazırda rəhbər vəzifələrdə, parlamentdə, məhkəmə hakimiyyətində və yerli özünüidarəetmə orqanlarında çalışdığının əhəmiyyəti barədə məlumat verilib. 

Diqqətə çatdırılıb ki, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fon­dunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və insanpərvər fəaliyyəti müasir Azərbaycan qadını modelini dünyada tanıdır və onun simasında Azər­bay­can qadınına dünya miqyasında şöhrət və ehtiram qazan­dırır. 

İnsan Hüquqları üzrə Müvəkkil əhalinin bütün qruplarının, o cümlədən qadınların və uşaqların hüquqlarının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyəti, parlament, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə sıx əməkdaşlıq etdiyi haqqında ətraflı məlumat verib.

Ombudsman Qarabağ münaqişəsi dövründə 3875 nəfər, onlardan 265 qadın itkin düşdüyü, bunlardan da 871 nəfərin, o cümlədən 98 qadının əsir-girov götürülməsi barədə məlumatların olduğu, həmçinin bu gün erməni əsirliyində olan Azərbaycan qadınlarının işgəncəyə, zorakılığa və cinsi təcavüzə məruz qaldığı, bu məlumatları 1473 nəfər əsirlikdən qayıdan, o cümlədən 284 qadın soydaşlarımızın təsdiq etdiyini Forumda iştirak edən Münaqişələr zamanı cinsi zorakılıq üzrə BMT baş katibinin xüsusi nümayəndəsi xanım Navamanee Ratna Pattenin diqqətinə çatdırıb və öz fəaliyyətində bu məsələlərin nəzarətdə saxlamağın vacibliyini bildirib.

E.Süleymanova çıxışının sonunda 189 dövlətdən 17000 insanın, o cümlədən dövlət qurumlarını, vətəndaş cəmiyyətini təmsil edən qadınların fikirləri toplanaraq ümumiləşdirilmiş Pekin Platformasının məqsədlərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq bütün qadınları qlobal şəbəkə qurmağa, vahid bir qüvvə kimi bərabərlik, sülh və inkişaf uğrunda həmrəyliyə və şəbəkə şəklində əməkdaşlığa çağırıb.

O, Forumda iştirak edən xarici qonaqları Ombudsmanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün təsisata məmnuniyyətlə dəvət edib.

Daha sonra digər iştirakçıların çıxışları dinlənilib, səmərəli müzakirələr aparılıb. 

Sonda Forumun yekun qətnaməsi qəbul edilib.