Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavinini qəbul edib

04-05-2018 189 dəfə oxunub
Ombudsman İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavinini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini Simone Haeberlini qəbul edib.

Tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi və bunun əsasında ilk Ombudsman təsisatının yaradılması, mandatı, əsas fəaliyyət istiqamətləri, o cümlədən müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, Avropa İttifaqının Tvinninq, Şərq Tərəfdaşlığı və TAİEX layihələrində fəal iştirakı haqqında ətraflı məlumat verib. O, fəaliyyət dövründə müxtəlif qurumlara 600-dən çox təklifinin ünvanlandığını və bu təkliflərin 60 faizdən çoxunun təmin olunduğunu və ya icraya yönəldiyini bildirib.

Müvəkkil eyni zamanda fəaliyyətində digər hüquqlarla yanaşı, qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpasına böyük diqqət yetirdiyini, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini söylədi. Ombudsmanın qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinə yönəlmiş Azərbaycan Qadın və İnkişaf Mərkəzi ilə birgə həyata keçirdiyi reproduktiv sağlamlıq və ailə planlaşması layihələri və tədbirləri barədə ətraflı məlumat verilib. Məişət zorakılığı, zərərli vərdişlər, narkomaniya, QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizənin bütövlükdə ailənin möhkəmlənməsinə, sağlam və layiqli həyata yol açdığı diqqətə çatdırılıb. 

Qeyd edilib ki, ölkədə sözügedən sahədə bir sıra tədbirlər görülmüş, çoxsaylı qanunvericilik aktları, mühüm dövlət proqramları və milli fəaliyyət planları qəbul edilmiş, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq qurulmuş, Azərbaycan qadınlarının parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında idarəetmədə və qərar qəbuletmədə fəal iştirakı təmin edilmiş və bu sistemli yanaşma nəticəsində yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi artmışdır. Habelə qadın sahibkarlığı, onların iqtisadiyyatda fəal iştirakı da bildirilib.

Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin yeni hazırlandığı dərsliklər üzrə tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi vurğulanıb.

Müvəkkil qadın hüquqlarını özündə ehtiva edən prioritet istiqamətlər  üzrə öz fəaliyyətini həyata keçirdiyini, fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlilinin, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsinin, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılmasının, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsinin, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanmasının, habelə bir sıra digər məsələlərin də daxil olduğunu qonağın diqqətinə çatdırıb.

Qonağa hələ 1994-cü ildə Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Qadın və İnkişaf Mərkəzinin bu sahədə geniş fəaliyyəti, paytaxt və regionlarda icmaları cəlb etməklə təşkil olunan silsilə maarifləndirici tədbirlər barədə ətraflı məlumat verilib.   

Görüşdə Ombudsmanın bu sahədə səmərəli təklifləri səsləndirilib. Bildirilib ki, bu istiqamətdə qanunvericilik bazasının daha da güclənməsi və mövcud boşluqların aradan qaldırılması ilə yanaşı, qadınların iqtisadi asılılığının azalması, qadınların regionlarda fəallığının və gender siyasətinə diqqətin artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakı, vəzifələrə irəli çəkilməsi, qadın sahibkarlığının genişləndirilməsi, onlara güzəştli kreditlərin verilməsi, stereotiplərə qarşı mübarizənin gücləndirilməsi və bu işə media və TV-lərin geniş şəkildə cəlb olunması, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanması, mövcud qanunların düzgün dərk edilməsi sahəsində paytaxt və regionlarda ardıcıl və sistemli maarifləndirici işlərin, aparılması zəruridir. 

Habelə Müvəkkilin insan hüquqları, o cümlədən qadın hüquqları və gender bərabərliyi sahəsində çoxsaylı maarifləndirici nəşrləri, o cümlədən “Genderə giriş” dərs vəsaiti-mühazirələr toplusu barədə məlumat verilib, Ombudsman təsisatında hazırlanmış hüquqi vəsaitlər qonağa təqdim olunub.

Simone Haeberli səmimi qəbul, verilən müfəssəl  məlumat üçün Ombudsmana təşəkkürünü bildirib və Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirib. O, Cənubi Qafqazda təmsil etdiyi qurum tərəfindən gender bərabərliyi üzrə fəaliyyət göstərildiyi, müvafiq layihələr həyata keçirildiyi barədə məlumat verib və bu sahədə gələcək əməkdaşlıqda marağını ifadə edib. 

Görüş səmimi fikir mübadiləsi şəraitində davam edib, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.