Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman regionlarda 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil edib

31-03-2018 10323 dəfə oxunub
Ombudsman regionlarda 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova regionlarda da 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı silsilə tədbirlər təşkil edib. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən bununla əlaqədar olaraq, Neftçala rayon M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, Neftçala şəhər 4 saylı, Salyan rayon Arbatan kənd, Cəlilabad şəhər 4 və 8 saylı tam orta məktəblərdə, Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, habelə Lənkəran rayonu Girdəni bələdiyyəsində belə tədbirlər keçirilib. Burada çoxsaylı bələdiyyə üzvləri, yerli sakinlər, müəllim və şagirdlər iştirak ediblər.

İlk öncə 31 Mart Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 100 il ötür, xalqımızın məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımı özünün ağır və dəhşətli nəticələri ilə seçilir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. 

Həmin siyasətin qanlı tərkib hissələrindən biri də 1918-ci ildə azərbaycanlıların soyqırımıdır. Həmin ilin 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetirmişlər. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir. 

Diqqətə çatdırılıb ki, 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilmiş və həyata keçirilir. 

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuşdur. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri genosid aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş, odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. 

Z.İsmayılov qeyd edib ki, Ombudsman tərəfindən hər il 31 mart -Azərbaycanlıların Soyqırımı günü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat göndərilərək, beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırılır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inam ifadə edilir.

Tədbirlərdə Müvəkkilinin 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilib. İştirakçılar belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Habelə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşı Həmid Nəsirov Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bu şəhərdəki Gənclər Evində təhsil, mədəniyyət, QHT sahələrində çalışan fəal gənclərin, KİV-lərin və şəhərdə yerləşən universitet tələbələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edib. Tədbirdə çıxış edən H.Nəsirov Müvəkkilin 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar Bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.