Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş toplantı keçirilib

02-05-2018 209 dəfə oxunub
Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş toplantı keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Ümummilli liderimiz Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın doğum günlərinin 95-ci ildönümü ilə bağlı toplantı keçirilib. Toplantıda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər. 

Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin zəngin həyatı və tarixi xidmətləri onun fenomenal şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Belə ki, bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilmiş, insan hüquq və azadlıqları sahəsində real addımlar atılmış, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanmışdır. 

Bu il Milli Qurtuluş günü kimi qeyd etdiyimiz, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıtmasının 25-ci ildönümü olduğunu nəzərə çatdıran Müvəkkil vurğulayıb ki, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqları təmin olunmuş, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Bildirilib ki, Ulu öndər tarix yaradan dahi şəxsiyyətlərdəndir, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaratmışdır. Habelə beynəlxalq aləmdə ölkəmizin maraqları və Dağlıq Qarabağ münaqişəsinin həlli onun diqqət yetirdiyi ən prioritet məsələlərdən olmuşdur. 

Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik, layihənin ictimaiyyətin geniş müzakirəsi və iştirakçılığı ilə qəbul edilmiş bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndərin hakimiyyəti zamanı insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulmuş, hüquqların təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. 

Heydər Əliyevin 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində geniş islahatların özülünü qoymuş ən mühüm strateji sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunmuşdur. 

Vurğulanıb ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində böyük dönüş nöqtəsi oldu.

Tədbirdə Müvəkkil xalqımızın tarixində xüsusi yer tutan,  qayğıkeş ana, sadiq həyat yoldaşı, tanınmış həkim, görkəmli alim, pedaqoq və ictimai xadim kimi mənalı yol keçmiş Zərifə xanım Əliyevanın həyatı haqqında geniş məlumat verib, onun tibb elmi və səhiyyə sahəsindəki çoxşaxəli, səmərəli fəaliyyətinin, Azərbaycanda o zaman geniş yayılmış traxoma xəstəliyinin kökünün kəsilməsində nailiyyətləri dövlətimiz tərəfindən öz layiqli qiymətini aldığını, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinin nəticələrinə görə professor, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanımın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini, onun fəaliyyətinə daim yüksək qiymət verildiyini, bir sıra orden və medallarla təltif olunduğunu, Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü bildirdi. 

Bütün bu geniş elmi fəaliyyəti, xəstələrə qayğısı ilə yanaşı Zərifə xanım eyni zamanda vəfalı həyat yoldaşı və qayğıkeş ana olmuş, xanımı olduğu ailə Azərbaycan dövlətinə iki Prezident bəxş etmişdir.O, həm Ulu öndər Heydər Əliyevin həyat yoldaşı, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olmuşdur. Bu ailənin möhkəm və uzun ömürlülüyünün özülündə qarşılıqlı məhəbbət, sədaqət, əqidə və saflıq üzərində qurulması idi.

Həmçinin bildirilib ki, Ümummilli liderimizin məqsədyönlü siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilmişdir. 11 aprel 2018-ci ildə xalqımızın və müstəqil dövlətimizin həyatında tarixi hadisə kimi xüsusi əhəmiyyət kəsb edən, uğurla başa çatmış ədalətli, şəffaf seçkilər nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin bu günlərdə Milli Məclisdə andiçmə mərasimi, habelə bundan sonra onun sərəncamları olduqca böyük razılıqla, qürur və sevinc hissləri ilə qarşılanmışdır. 

Sonra Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək, Ulu öndər Heydər Əliyevin fəaliyyəti, regionların inkişafı sahəsində qəbul etdiyi qərarları, həmin bölgələrə səfərləri, əhali ilə səmimi görüşləri barədə məlumat verdilər. Diqqətə çatdırıldı ki, Müvəkkilin tapşırığı ilə işlədikləri hər bir rayonda Ümummilli liderimizin 95-ci ildönümünə həsr edilmiş tədbirlər davam etdirilməlidir.