Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Baş Assambleyasında iştirak etmişdir

27-02-2018 157 dəfə oxunub
Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Baş Assambleyasında iştirak etmişdir

Azərbaycan Ombudsmanı Elmira Süleymanova BMT-nin Cenevrə Ofisində keçirilmiş Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Baş Assambleyasında, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin regional iclaslarında və prioritet mövzular üzrə plenar iclaslarında iştirak etmişdir.

Tədbirlərdə BMT İnsan Hüquqları üzrə Ali Komissarı və başqa qurumlarının rəsmiləri, müxtəlif ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılmış və çıxışlar etmişlər.

Ombudsman səfərin ilk günü İşgəncələrə Qarşı Assosiasiyanın ofisində təşkil edilmiş Milli Preventiv Mexanizmlərin (MPM) Avropa Şəbəkəsinin tədbirində iştirak etmişdir. Müxtəlif ölkələrin MPM-nin də iştirak etdiyi tədbir yeni fəaliyyət istiqamətlərinə uyğun olaraq təcrübə mübadiləsi, fəaliyyətin səmərəli təşkili, təşkilatlanma və gələcək əməkdaşlıq kimi mövzularda olmuş və geniş müzakirələr aparılmışdır. Ombudsman Elmira Süleymanova tədbirdə MPM fəaliyyəti çərçivəsində fikirlərini bölüşmüş və gələcək əməkdaşlıq istiqamətləri üzrə öz təkliflərini vermişdir.

Səfərin növbəti günü Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Baş Assambleyasına, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin regional iclaslarına, ahıllar, əlilliyi olan şəxslər və məcburi köçkün və miqrantlarla bağlı mövzular üzrə plenar iclaslarda iştirak etmiş və bu mövzular üzrə iştirakçılarla fikir mübadiləsi keçirmişdir.

Avropa Milli İnsan Hüquqları Təsisatlarının regional iclasında Kopenhagen Bəyannaməsi də qəbul edilmiş və sözügedən sənədə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında bu qurumların iştirakı təşviq olunmuşdur.

Assambleya çərçivəsində keçirilən iclaslarda diqqət yetirilən və ölkələrə tövsiyə olunan prioritetlər arasında ahılların hüquqlarının müdafiəsi məsələsi xüsusi yer almış və bununla bağlı Milli İnsan Hüquqları Təsisatlarının roluna həsr olunmuş geniş plenar iclas keçirilmiş, yeni hədəflər üzrə müzakirələr aparılmışdır.

Bununla yanaşı həmin Alyans BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsi ilə birgə Milli İnsan Hüquqları Təsisatlarının müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti, habelə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 19-cu, “Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma” maddəsinə uyğun olaraq iştirakçı dövlətlərin bu əhali qrupundan olan şəxslər üçün bərabər hüquqlar və seçim imkanı tanıması öhdəliklərinin yerinə yetirilməsi kimi məsələlər geniş müzakirə olunmuşdur. Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, əlilliyi olan şəxslərin məruzələri və region ölkələrinin təcrübələrinə dair yanaşmaları dinlənilmişdir. Yekunda sözü gedən Komitə və Qlobal Alyans birgə Bəyannamə qəbul etmiş və həmin sənəddə ölkələrə, olmadığı halda, Konvensiyaya uyğun müstəqil monitorinq mexanizmi yaratmaq və bu fəaliyyətə əlilliyi olan şəxslərin cəlb olunması tövsiyə olunmuşdur. 

Yeri gəlmişkən, ölkəmizdə Ombudsman təsisatı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və müstəqil monitorinq mexanizmi funksiyalarını yerinə yetirən milli insan hüquqları təsisatı qismində müəyyən olunmuş və fəaliyyət göstərir. 

Səfər çərçivəsində Müvəkkil Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, habelə Amerika, Avropa, Asiya regionlarında, o cümlədən Türkiyə və Orta Asiyada fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının təmsilçiləri ilə görüşlər və fikir mübadiləsi keçirmişdir. 

Səfər insan hüquqlarının effektiv təmini və fəaliyyət istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq baxımından səmərəli olmuşdur.