Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində Qazax Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib

11-10-2023 260 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində Qazax Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsində 03.10.2023-cü il tarixdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin Qazax Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmə zamanı xəstəxananın bütün ərazisinə, yataq və tibb otaqlarına, yeməkxanaya və digər obyektlərə baxış keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, su təminatı ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müəssisəyə sonuncu başçəkmə zamanı aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş tövsiyələrin bir hissəsinin yerinə yetirildiyi, pasiyentlərin zəruri geyimlə təchiz edildiyi, dərmanların saxlanılması üçün istifadə olunan otaqda şəraitin təmin olunduğu, dərman vasitələrinin qeydiyyat vərəqələrinin tərtib edildiyi, xüsusi saxlanma rejimi tələb edən bu preparatların istifadəyə yararlılıq müddəti ərzində keyfiyyətini itirməməsi üçün həmin otağın soyuducu ilə təchiz olunduğu müşahidə edilib.

Monitorinq zamanı saxlanma şəraiti ilə bağlı bəzi nöqsanların aradan qaldırılmadığı, kişi və qadınlar üçün müalicə və reabilitasiya şöbələrində pasiyentlərin yaşayış sahəsinin mövcud standartlara uyğun olmadığı, çarpayılar arasında məsafənin az olduğu, bəzi hallarda çarpayıların bitişik olduğu müəyyən edilib. Müəssisənin yerləşdiyi binanın əsaslı təmir edilməsi, xüsusilə sanitar qovşaqlarda və mətbəxdə anti-sanitariyanın aradan qaldırılması zəruridir. 

Palatalara baxış zamanı pasiyentlər barəsində aparılmış tibbi məhdudlaşdırmalar “Fiksasiya (məhdudlaşdırma) jurnalı”nda qeydə alınsa da, həmin məhdudlaşdırmaların başlanğıcı və bitmə müddətləri barədə aktların tərtib olunmadığı, bu barədə fərdi tibbi kitabçalarda müfəssəl qeydlərin aparılmadığı müəyyən olunub.

Rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri pasiyentlərlə görüşüb, onlarla təklikdə söhbət aparılıb.

Başçəkmənin yekununda müəssisənin baş həkimi və əməkdaşlarına aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin yekunları ilə bağlı Səhiyyə Nazirliyinə müraciət ediləcək.