Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Seçkilərlə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə zona seminar-müşavirələri Şirvan şəhərində davam etdirilib

28-03-2018 10601 dəfə oxunub
Seçkilərlə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə zona seminar-müşavirələri Şirvan şəhərində davam etdirilib

Xəbər verildiyi kimi, 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK), Daxili İşlər Nazirliyi və Ombudsmanın iştirakı ilə silsilə zona seminar-müşavirələri keçirilir. Belə tədbirlər Şirvan şəhərində davam etdirilib.

Seminar-müşavirədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, MSK-nın üzvü Bəxşeyiş Əsgərov, MSK Katibliyinin əməkdaşı Samir Tağıyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev, çoxsaylı dairə seçki komissiyalarının sədrləri və 18 rayonun polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər. Habelə tədbirə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının təmsilçiləri, Türkiyə Respublikasından olan Ali Taha Yıldız və Fransadan Beatrix Boonekamp qatılıblar.  

Ombudsman açılış sözü və məruzə ilə çıxış edərək, qarşıdakı Azərbaycan Respublikası Prezidenti seçkilərinin demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin və xalqımızın həyatında mühüm əhəmiyyət kəsb etdiyini, hazırda seçki hüquqlarının aktual mövzu olduğunu bildirib, tədbirin məqsədi barədə məlumat verib. O, eyni zamanda vurğulayıb ki, ölkə Prezidentinin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. 100 il əvvəl Cümhuriyyət müstəqil dövlətin əsas fəaliyyət prinsipləri, insan hüquqları prioritet kimi bəyan edilmiş, qadınlara digər hüquqlarla yanaşı, kişilərlə bərabər seçki hüququ da verilmişdir.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk qəbul olunmuş Konstitusiyasının 56-cı maddəsinə əsasən, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olduğunu söyləyən Müvəkkil seçki hüquqları barədə ətraflı məlumat verib. O, qeyd edib ki, insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində çoxşaxəli fəaliyyət göstərən Ombudsman təsisatı ilə MSK və Daxili İşlər Nazirliyi arasında bu istiqamətdə sıx əməkdaşlıq əlaqələri qurulmuş, birgə maarifləndirmə tədbirləri keçirilir. 

Müvəkkil çıxışında bildirib ki, Venesiya Komissiyasının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mühüm əhəmiyyət kəsb edən 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamlarının əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmış, bu sənədlərdə icra hakimiyyəti və polis orqanlarının, hər hansı bir qurumun, vəzifəli şəxsin seçki prosesinə müdaxiləsinin yolverilməzliyi göstərilmişdir. 

Diqqətə çatdırılıb ki, ötən dövrlər ərzində ölkəmizdə seçki hüququnun və seçki proseslərinin təkmilləşməsinə yönəlmiş çoxsaylı tədbirlər, o cümlədən Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklər, seçici siyahılarının təkmilləşdirilməsi və seçki komissiyalarının yerlərdə müvafiq orqanlarla, o cümlədən polislə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) orqanları ilə, hərbi komissarlıqlarla, bələdiyyələrlə müntəzəm əməkdaşlığı, seçki hüquqlarının həyata keçirilməsi üçün mühüm məsələlərdən biri olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosedurunun sadələşdirilməsi, əlilliyi olan şəxslərin özlərinin vasitəçiliksiz, sərbəst seçim etməklə səs verməsi üçün zəruri şəraitin yaradılması, habelə sərbəst toplaşmaq üçün açıq və qapalı yerlərin müəyyən olunması və lazımi iş şəraiti, zəruri avadanlıqla təmini, müşahidəçilik institutunun təkmilləşməsi, silsilə maarifləndirmə tədbirlərinin davam etdirilmişdir. Bütün bu toplanmış müsbət təcrübənin əslində üzümüzə gələn seçkilərdə pozuntulara yol verilmədən keçirilməsi üçün real zəmin yaratdığı vurğulanıb.   

Sonra Ombudsman tərəfindən seçki qanunvericiliyinə əsasən, polis əməkdaşlarının xidməti vəzifələrinin təşkili, xüsusən seçki hüquqları baxımından polisin üzərinə düşən vəzifələr haqqında iştirakçılara ətraflı məlumat verilib.

Habelə bildirilib ki, Ombudsman, Aparatın və regional mərkəzlərinin əməkdaşları ölkəmizdə keçirilmiş seçkiləri müstəqil müşahidəçi qismində paytaxt və rayonlarda izləmiş, bu istiqamətdə kifayət qədər təcrübə toplamışlar. Seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdəki məlumatı hər saatdan bir Bakının hər bir rayonunda müşahidə aparan Ombudsmana ötürür və o, səsvermə vəziyyəti barədə müvafiq məlumatı operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən KİV vasitəsilə ictimaiyyətə çatdırır. Belə müşahidələr qarşıdakı seçkilərdə də aparılacaq.

MSK-nın üzvü Bəxşeyiş Əsgərov Müvəkkilin fəaliyyətini yüksək dəyərləndirib, bu tədbirdə iştirakına və təkliflərinə görə minnətdarlığını bildirib. O, seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, habelə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə çıxış edib, praktiki və statistik məlumatları çatdırıb.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, eyni zamanda səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında məlumat verib.

MSK Katibliyinin əməkdaşı Samir Tağıyev seçki subyektləri, onların hüquq və vəzifələri haqqında danışıb.

Müzakirələr zamanı bir sıra dairə seçki komissiyalarının sədrləri, rayon polis şöbələrinin məsul əməkdaşları seçkilərə hazırlıq, seçici siyahılarının dəqiqləşdirilməsi, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyətinin təkmilləşdirildiyi, bu sahədə fəal iştirakları, seçkilərlə bağlı polis əməkdaşları üçün Yaddaş kitabçaları ilə təmin olunduqları və seçki gününə tam hazır olduqları barədə məlumat verib, təcrübələri ilə bölüşərək onlara ünvanlanan sualları cavablandırıblar.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev seminar-müşavirənin  əhəmiyyətini qeyd edərək, seçkilərlə əlaqədar polis əməkdaşlarının biliklərinin artırılması, xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün faydalı olacağını söyləyib. 

Yekunda Ombudsman seçkilər ərəfəsində hazırlıq işlərinin davam etdirilməsini tövsiyə edib, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı və dəstəyi ilə keçirilməsinə şərait yaratdığını bildirib.

Müvəkkil tədbir çərçivəsində ATƏT DTİHB-in ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının təmsilçiləriAli Taha Yıldız və Beatrix Boonekamp ilə görüşüb. Sonra E.Süleymanova bir sıra TV-lərə və KİV-lərə müsahibələr verib.

Qeyd olunmalıdır ki, belə zona seminar-müşavirələr davam etdirilir.

Ombudsman Şirvan şəhərinə səfəri çərçivəsindəOlimpiya İdman Kompleksinin stadionunda açıq və geniş idman zalında olan qapalı müvafiq yerlərə baxış keçirib. O, habelə yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, elektrik enerjisi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş dairə seçki komissiyası və seçki məntəqələrinin binalarına, kompüter otağına, həmçinin iclas zalına və digər yerlərə baş çəkib, o cümlədən komissiya üzvlərinin işi ilə tanış olub, müvafiq komissiyanın fəaliyyəti, seçici siyahıları, daşınmaz və daşınan seçki qutuları, seçki kabinalarının, seçki hüquqları üzrə əlaqədar nəşrlər, vəsaitlər və plakatların olduğunu öyrənib, adı çəkilən hüquqlarla əlaqədar müzakirələr aparıb və tövsiyələrini verib. Şəhərdə ümumilikdə seçkiyə hazırlıq vəziyyətinin yüksək səviyyədə təşkil olunduğu müşahidə edilib.