Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən 1918-ci il - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransda İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov, Milli Məclisin deputatları Elman Nəsirov və Sahibə Qafarova, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Baş prokurorun müavini Namiq Əsgərov, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, nazirliklərin və dövlət komitələrinin, digər dövlət qurumlarının təmsilçiləri, Tarix İnstitutunun alimləri, qeyri-hökumət təşkilatlarının və KİV-lərin, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İlk öncə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ombudsman giriş sözü ilə çıxış edərək, xalqımızın tarixinə yazılmış ən qanlı hadisələrdən, insanlıq əleyhinə dəhşətli cinayətlərdən olan, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin soyqırımı haqqında ətraflı məlumat verib. O, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə mühüm işlər həyata keçirildiyini, silsilə konfransların, tədbirlərin təşkil olunduğunu vurğulayıb.
Eyni zamanda diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir, dövlət başçısının müvafiq Sərəncamına əsasən, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması olduqca əhəmiyyətlidir.
Həmin Cümhuriyyətin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir.
Qeyd olundu ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.
Ombudsman insan hüquqları amilinə diqqəti yönəldərək bildirib ki, 1918-ci ilin mart-aprel aylarında törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və beynəlxalq sənədlərdə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Nəzərə çatdırılıb ki, Ermənistan 1988-ci ildən başladığı növbəti etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt etmiş, beləliklə torpaqlarımızın 20 faizi işğala məruz qalmış, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımlar, kütləvi qırğınlar törətmişlər.
Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı gününü tanıyan qətnamələr qəbul etmişlər. Artıq 15 dövlətin parlamentləri ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımış, habelə ABŞ-ın 22 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.
Müvəkkil Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərdiyini, yüksək səviyyədə fəaliyyət həyata keçirən Azərbaycan Respublikasının Prezidentinin hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğuladığını diqqətə çatdırıb.
Ombudsman da xalqımızın məruz qaldığı təcavüz, soyqırımlar, o cümlədən 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar fəaliyyət dövrü ərzində 120-dən çox bəyanatlar verdiyini, həmin bəyanatların hər il ölkəmizdə yayıldığını, habelə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyini vurğulayıb. O, iştirak etdiyi çoxsaylı beynəlxalq konfranslardakı, digər tədbirlərdəki çıxışlarında soyqırımlar barədə ətraflı məlumatlar verdiyini, orada Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı kitablarını və nəşrlərini iştirakçılara təqdim etdiyini söyləyib.
E.Süleymanova Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar Bəyanat verəcəyini və adı çəkilən ünvanlara göndəriləcəyini qeyd edərək, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə birgə fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində işlərin davam etdirilməsinin və daha da gücləndirilməsinin, eyni zamanda xalqımıza qarşı törədilmiş soyqırımlar barədə tarixi bilgiləri, məlumatları, kitabları, nəşrləri gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov bu konfransın keçirilməsi üçün təşəbbüs göstərdiyinə görə Ombudsmana minnətdarlığını bildirib, Müvəkkilin insan hüquqları sahəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli fəaliyyət göstərdiyini yüksək dəyərləndirib. O, Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı mövzusunda geniş məruzə edib, bu qanlı hadisələrin tarixi, səbəbləri, cərəyan etməsi, bununla əlaqədar olaraq tarixi faktların, zəruri sənədlərin tapılması və ortaya çıxarılması, kitabların dərc edilməsi, habelə əsrlər boyu ölkəmizə qarşı erməni təcavüzünün məqsədi və tarixi, Çar Rusiyasının Azərbaycanla bağlı köçürmə siyasəti və XIX əsrin əvvəllərindən başlayaraq, tarixi torpaqlarımız olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə minlərlə erməni ailələrinin köçürülməsi, İrəvan xanlığının tarixi barədə ətraflı məlumat verib.
Y.Mahmudov Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixinə, tarixi həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirdiyini söyləyib.
Milli Məclisin deputatı Elman Nəsirov konfransa görə təşkilatçılara minnətdarlığını bildirib, azərbaycanlılara qarşı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasəti mövzusunda məruzə edib. O, 1918-ci ildə azərbaycanlıların soyqırımının motivləri barədə danışıb, eyni zamanda Xocalı soyqırımına həm də beynəlxalq terrorizm kimi qiymət verilməsinin vacibliyini bildirib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev azərbaycanlılara qarşı soyqırım cinayətləri, Xarici İşlər Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Cavanşir Məmmədov 31 mart - Azərbaycanlıların soyqırımı günü, AMEA-nın Tarix İnstitutunun alimləri Cəbi Bəhramov, Kamran İsmayılov, Natiq Məmmədzadə, İlqar Niftəliyev və Güntəkin Nəcəfli böyük dövlətlərin Bakı nefti uğrunda mübarizəsi və azərbaycanlıların soyqırımı, 1918-1920-ci illərdə Zəngəzur və Naxçıvan bölgəsində, Qarabağda, İrəvan Quberniyasında azərbaycanlıların soyqırımı, habelə Azərbaycan xalqına qarşı soyqırımı yeni arxiv sənədlərində mövzularında məruzələri diqqətə çatdırıblar.
Sonra tədbir səmərəli müzakirələr şəraitində davam edib, iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.
Konfrans çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı, Azərbaycan həqiqətlərinə həsr edilmiş çoxsaylı kitablar və nəşrlər sərgisi Ombudsman təsisatı və Tarix İnstitutu tərəfindən təşkil olunub. Tarix İnstitutunun sərgidəki soyqırımların tarixi ilə bağlı 60 adda 549 kitabı Ombudsman təsisatına hədiyyə edilib.
Müvəkkil Tarix İnstitutunun direktoruna və institutun alimlərinə bu konfransın birgə təşkilinə və fəallıqlarına, habelə bütün iştirakçılara təşəkkürünü bildirib.